Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq YAP-a həsr olunan himni videoçarxda izləyiblər.
Tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatı sədrinin I müavini Muxtar Nağıyev XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış acınacaqlı durum haqqında ətraflı məlumat verib: "Həmin ərəfədə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni fəlakət burulğanına salmışdılar. Anarxiya, xaos o həddə çatmışdı ki, insanları iş yerlərində, yollarda, küçələrdə döyürdülər, onlara qarşı olmazın işgəncə və təzyiq metodlarını işə salırdılar. Azərbaycanda yeni bir siyasi qüvvənin yaradılmasına ehtiyac var idi və bu, bir tarixi zərurət kimi meydana çıxmışdı. Xalqın iradəsinə qarşı çıxmış insanlar öz məkrli planları ilə Ulu Öndər Heydər Əliyevin əleyhinə böyük kampaniyalar aparırdılar. Lakin Azərbaycan xalqı bilirdi ki, dövləti bu çətin vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilər. Naxçıvanda 550 nəfərlik nümayəndənin iştirakı ilə təsis olunan YAP qısa bir müddətdən sonra iqtidara gəldi və Azərbaycanın çətin durumdan çıxarılması və gələcək inkişafının təmin olunması istiqamətində analoqu olmayan işlər görüldü".
Tədbirdə çıxış edən "SƏS" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, XX əsrdə Azərbaycan dövləti iki dəfə müstəqillik qazanıb: "Birinci dəfə 1918-ci il mayın 28-də "İstiqlal Bəyannaməsi" tərtib edildi və bununla da, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Təəssüflər olsun ki, o, cəmi 23 ay yaşadı. 1918-ci ildə müstəqillik əldə etdiyimiz zaman bəlkə də xarizmatik lider olsa idi, Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyi uzunömürlü olardı.
B.Quliyev ötən əsrin 80-ci illərin axırlarından başlayan milli oyanışdan və 1991-ci il oktyabrın 18-də "Müstəqillik Aktı" qəbul olunmasından danışıb. Bildirdi ki, həmin dövrdə Azərbaycanda bütün sahələri əhatə edən xaos və anarxiya dövlət müstəqilliyini məhv etməklə üz-üzə qoymuşdur: "Xalqımız üçün yeganə çıxış yolu Ulu Öndər Heydər Əliyevi ölkəyə dəvət etmək idi. Belə də oldu. 1992-ci il oktyabrın 16-da Azərbaycan xalqı adından ziyalılar "Azərbaycan sizin sözünüzü gözləyir" başlığı ilə Ulu Öndər Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndərimizin bu müraciətə cavabı Onun xalqla həmrəyliyinin nümayişi idi".
Ümumxalq partiya olan YAP-ın yaranması və keçdiyi şərəfli yoldan danışan B.Quliyev bildirdi ki, 1992-ci il noyabrın 21-də təsis olunan Yeni Azərbyacan Partiyası 24 ildir ki, öz prinsiplərini qoruyur: "Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyamızın siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra Ümummilli Lider Heydər Əliyevin ən layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha böyük siyasi gücə, qüdrətə malik olacaq".
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, "91-lər"in nümayəndəsi Hacan Hacıyev , YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fərid Nəsibov, YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvü Rizvan Vahabov, YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən, hakim partiyanın bu günə kimi keçdiyi 24 illik şərəfli, eyni zamanda, keşməkeşli tarixi yoldan danışıblar. Tədbirin sonunda partiya sıralarına qəbul edilənlərə üzvlük vəsiqələri verilib.
SAMİR