9-10 noyabr 2016-cı il tarixində Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində "Təhsil və idman inkişaf və rifah mərhələsində" mövzusunda Beynəlxalq Sərgi və Elmi Konfrans keçirilmişdir. Bununla bağlı konfrans iştirakçılarından AMEA-nın Fəlsəfə İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri f.ü.f.d. Sakit Hüseynov qəzetimizə müsahibə vermişdir.
Müxbir: Sakit müəllim, eşitdik ki, Siz bu yaxınlarda Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində keçirilən Beynəlxalq Sərgidə və Elmi Konfransda iştirak etmisiniz. Bu haqda qəzetimizin oxucularına nə deyə bilərsiniz? Konfrans haqda təəssüratlarınız necədir?
S.Hüseynov: Bu konfrans təhsil və idmanın inkişafına həsr edilmişdi. Türkmənistan Respublikasında təhsil və idmanın vəziyyəti və bu sahədə dünya təcrübəsinin təhlili konfransın əsas mahiyyətini təşkil edirdi.
Konfransın açılış və plenar iclası Türkmənistanın Ticarət-Sənaye Palatasında keçirildi. Burada əvvəlcə qonaqların təntənəli şəkildə qarşılanma mərasimi oldu. Mərasim zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun konfrans iştirakçılarına təbrik məktubu oxundu, sonra isə Beynəlxalq Sərginin açılışı oldu. Sərgi ilə tanışlıqdan sonra konfransın plenar iclası öz işinə başladı.
Konfransa 50-yə yaxın ölkədən 150-yə yaxın nümayəndə dəvət edilmişdi. Türkmənistan Respublikasının özündən isə 100-ə qədər iştirakçı var idi. Nümayəndələr içərisində elm adamları, ali məktəb müəllimləri, dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun nümayəndələri iştirak edirdilər. Plenar iclasdan sonra konfrans 5 bölmədə öz işini davam etdirdi.
Müxbir: Sakit müəllim, respublikamızdan sizdən başqa daha kimlər iştirak etmişdir?
S.Hüseynov: Bu konfransda ölkəmizi məndən başqa AZTU-nun Humanitar elmlər kafedrasının dosenti, fəlsəfə doktoru Əyyub Kərimov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşı Hilal Salmanov təmsil etmişdir.
Nümayəndə heyətimizin əsas məruzələri- idmanın fəlsəfəsi, idmanda sosial və bioloji aspektlərin fəlsəfi təhlili (S.Hüseynov), ali məktəblərdə tələbələrin tədris materiallarının mənimsəmə səviyyəsinin yüksəlməsində müəllimin rolu (Ə.Kərimov), Azərbaycan Respublikasının təhsil və idman sahəsindəki nailiyyətlərinin qısa icmalı (Hilal Salmanov).
Onlar konfrans iştirakçılarını Azərbaycanda ali məktəblərdə tədris materiallarının mənimsənilməsi səviyyəsinin yüksəldilməsində yeni metodların tətbiqi təcrübəsi, təhsil və idman sahəsində respublikamızın əldə etdiyi yüksək nailiyyətləri konkret faktlar əsasında məlumatlandırmışlar.
Bütövlükdə, nümayəndə heyətimiz (S.Hüseynov, H.Salmanov və Ə.Kərimov) Azərbaycanın sosial-iqtisadi, elm, təhsil və idmanla bağlı hazırkı inkişafı haqqında, eyni zamanda, Aşqabaddakı konfransın xoş təəssuratları barədə Türkmənistan televiziyasına müsahibə vermişlər.
Həmyerlilərimiz Türkmənistanın bir neçə ali məktəblərində maraqlı görüşlər keçirmiş, respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlər haqqında iştirakçılara ətraflı məlumatlar vermişlər.
Müxbir: Sakit müəllim, konfransın gedişində əsas diqqətinizi çəkən nə oldu?
S.Hüseynov: Qeyd edim ki, konfransın Təşkilat Komitəsi tərəfindən bölmələrdən birinə (5-ci bölməyə) iclasın aparıcısı (moderator) təyin edildim. Doğrusu, bu, mənim üçün gözlənilməz oldu. Açığını deyim ki, Təşkilat Komitəsinin bu qərarını - yəni bölmə iclaslarından birinə mənim moderator təyin olunmağımı onların Azərbaycana olan isti münasibəti kimi dəyərləndirirəm. Digər tərəfdən nümayəndə heyətimiz üçün Türkmənistan televiziyasına müsahibə verməyə şərait yaradılmasını da Azərbaycana olan sayğı kimi qiymətləndirmək olar. Mən belə hesab edirəm ki, bu cür Beynəlxalq Konfransda ölkəmizin təmsil edilməsi, xalqımızın tarixi və mədəniyyəti haqqında, multikultural və tolerant dəyərlərimiz haqda başqa ölkə nümayəndələrinə məlumat çatdırmağımız indiki dövrdə çox zəruridir.
Müxbir: Sakit müəllim, Türkmənistanda insanların respublikamıza, xalqımıza münasibəti necədir? Bu haqda nə deyə bilərsiniz?
S.Hüseynov: Açığı deyim ki, Aşqabadda insanların -istər ali məktəb müəllimlərinin, istərsə də tələbələrin xalqımıza qarşı xoş, isti münasibətlərini hiss etdik. Onlar Azərbaycanda baş verən her şeyi bilirlər, xüsusən də, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunları haqda maraqla danışırlar. Mən hiss etdim ki, onlar xalqımızın hər bir uğuruna, o cümlədən, idmanda əldə etdiyimiz uğurlara çox sevinirlər. Biz də Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində uğurlar, elm və mədəniyyətimizin inkişafı haqqında onlara ətraflı məlumatlar verdik. Gənclərin əksəriyyətinin Azərbaycana, xüsusən, Bakını görməyə can atması bizi sevindirdi.
Müxbir: Sakit müəllim, Türkmənistanın paytaxtının hansı görməli yerlərində oldunuz? Bu haqda nə deyə bilərsiniz?
S.Hüseynov: Tədbirin rəsmi proqramına görə biz konfransdan bir gün əvvəl, yəni noyabr ayının 8-də günün birinci yarısında Türkmənistan Dövlət Muzeyində, "Türkmənistan xalçaları" Milli Muzeyində olduq və "Arkadac" Monumentini ziyarət etdik. Qeyd edim ki, həm dövlət muzeyi, həm də "Türkmənistan xalçaları" Muzeyi bütün konfrans iştirakçılarının xoşuna gəldi. Dövlət Muzeyində biz Türkmənistan xalqının tarixini, onların qədim məişət şəraitini və mədəniyyətini əks etdirən zəngin eksponatlarla tanış olduq. Bizim üçün daha çox maraqlı olan bir faktı da qeyd etmək istəyirəm. Xalça Muzeyində həcminə görə dünyada ən böyük xalça diqqətimizi çəkdi. Həcminə və çəkisinə görə Ginnesin rekordlar kitabina düşən, sahəsi 301 kv.metr, çəkisi isə 1 ton 200 kq olan bu sənət əsəri qonaqların marağına səbəb oldu. Amma mənim fikrimcə, öz gözəlliyinə və rəngarəngliyinə görə Azərbaycan xalçaları bütün dünyada məhşurdur.
Hesab edirəm ki, başqa ölkələrdə keçirilən belə tədbirlərdə bizim nümayəndələrimizin iştirakı çox vacibdir. Çünki belə görüşlər ölkəmizin, respublikamızın reallığı, tariximiz və mədəniyyətimiz haqqında maraqlı faktları başqa ölkə nümayəndələrinə çatdırmağa imkan verir. Ona görə də, düşünürəm ki, həm turist kimi, həm də rəsmi tədbirlərdə iştirak etmək üçün gedən hər bir Azərbaycan vətəndaşı ölkəmizi və xalqımızı getdiyi yerlərdə yüksək səviyyədə təmsil etməlidirlər.