Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri - Yusif Kərimov, Məzahir Süleymanzadə, Tahir Aydınoğlu və Rasim Sadıqov əməkdar mədəniyyət işçisi, fotojurnalistikamızın tanınmış nümayəndəsi Rafiq Salmanovu evində ziyarət edib, ahıl sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar.
Ə.Amaşov mətbuatımızın inkişafında xidmətlərinə görə, Rafiq Salmanova Mətbuat Şurasının diplomunu təqdim edib. Fotojurnalistə Ahıl Jurnalistlər Məclisinin hədiyyəsi verilib, maddi yardım göstərilib. Qonaqlar R.Salmanovun "Azərbaycan pioneri", "Vışka", "İdman" qəzetlərində, "Azərbaycan qadını" jurnalında işlədiyi illəri xatırlayıblar. Qeyd olunub ki, veteran fotojurnalist 20 ildən çoxdur ki, "Xalq qəzeti" redaksiyasında çalışır, dörd kitab müəllifidir.
R.Salmanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin nümayəndələri mətbuatımızın qızıl fondu olan veteran qələm sahiblərinə daim qayğı göstərir, onlarla ünsiyyət yaradırlar. Məclis yubileylərdə, bayramlarda, kitab təqdimatlarında veteran jurnalistlər bir yerə toplaşır, onların mətbuat mühitindən kənarda qalmamalarına çalışır. Məclisin təmsilçiləri, həmçinin, veteran qələm sahiblərini onların mənzillərində də ziyarət edirlər.
NƏZAKƏT