Və yaxud eks-spikerin yeni il ərəfəsi fəallaşmasının pərdəarxası dövrü
Gözəl deyimi var: tarixi geri qaytarmaq mümkün deyil, onu olduğu kimi qəbul etmək lazımdır. Tarix həm də yalanı sevmir. Ancaq bu gün müxalifət düşərgəsi deyilən bir məkanda özlərini "siyasətçi" adlandıran "liderlər"də nə siyasət var, nə də əxlaq. Onlar anlamırlar ki, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb. Bu yerdə ABŞ-ın tanınmış siyasətçilərindən birinin siyasətlə bağlı dediyi fikri xatırlaimaq istərdim. O, siyasətçinin tərifini belə verir: "Siyasətçi valideynlərini qətlə yetirən, sonra yetim olduğuna görə məhkəmədən aman gözləyən insana bənzəyir".
Azərbaycanda fiaskoya uğramış siyasətçilər yenidən revanş götürməyə cəhd edə bilərlər. Belə ki, 1996-cı ildən ölkəni tərk edən, mühacir həyatı yaşayan eks-spiker R.Quliyevin bugünkü müxalifətin iç üzünü daha qabarıq şəkildə ortaya qoyması bunun təsdiqidir.
Amerikada yaşayan eks-spiker yenə də müxalifəti yıxıb-sürüdü
Zaman-zaman, xüsusilə seçkilər dövründə ənənəvi düşərgəni "asıb-kəsən" R.Quliyev "facebook" saytında uğursuzluq faktorlarını müxalifətin təməlinin düzgün qoyulmamamsı və digər amillərlə əlaqələndirir. AXCP və Müsavat isə sabiq spikerin ittihamlarına aqressiv münasibət bəsləyərək, onun irəli sürdüyü düşüncələrini xəyanət kimi qiymətləndirirlər və bildirirlər ki, "kor-kora kor deməsə, bağrı çatlar".
"İllərdir ki, müxalifət öz istəyinə çatmaq üçün bütün yalanlara, böhtanlara əl atır. Müxalifət partiyaları məqsədlərinə çatmaq üçün istənilən yalanı, böhtanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlar etməyə qadirdilər"- fikrini deyən R.Quliyev bildirir ki, bugünkü müxalifətin 90 faizi ötən əsrin 90-cı illərindən qalma kəflənmiş müxalifətçilərdir: "Kəflənmiş bugünkü fırıldaqçı müxalifət məqsədinə çatmaq üçün istənilən yalanı demək, yaramaz ideologiyaya söykənib eyni siyasəti 24 ildir davam etdirməkdədir".
R.Quliyev artıq müxalifət düşərgəsindəki durumun, həqiqətən də, onların arxivə atıldığını sübut etdiyini bildirərək yazır ki, yeni ilə kif iyi verən "bu badbaxtlarla" getmək olmaz: "Bu badbaxtların hər seçkiərəfəsi qalib gələcəkləri ilə bağlı iddialar irəli sürmələri, doğurdan da, həyasızlığın son həddidir. Bu gün müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər. Çünki nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür. Bu, reallıqdır ki, Azərbaycanda 2005-ci ildən demək olar, müxalifət yoxdur. 2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində növbəti "Milli Şura" adlanan amorf, heç kimin məhəl qoymadığı, altında heç bir şey olmayan bir ad ortaya çıxdı".
R.Quliyev bu gün müxalifətdə olanların cinayətinin, xəyanətinin qorxusu ilə baş-başa qalıb. Bu qorxu o həddə açtıb ki, eks-spiker artıq öz cinayətlərini, xəyanətlərini belə unutdurmaq istəyi ilə müxalifəti xəyanətkar adlandırır. Buna, sadəcə olaraq, bir söz demək olar-TƏƏSSÜF...
Rəfiqə HÜSEYNOVA