Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev partiyanın tarixi zərurətdən yarandığını bildirib: "Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın bərqərar olmasında mühüm rol oynayıb. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə, bilavasitə bağlıdır".
Yığıncaqda A.Əzizov, O.Abdullayev, J.Süleymanova və başqaları çıxış edərək ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə vəsiqələr təqdim olunub. Həmçinin, bir qrup partiya fəalı rayonun sosial-iqtisadi həyatında göstərdikləri fəaliyyətlərinə görə rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilib.
Ü.ƏSGƏROV