Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin və mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması məqsədilə, mütəmadi olaraq, tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Bu tədbirlərin sırasında 2013-cü ildən başlayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində ilk dəfə olaraq, Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş "Valideyn günləri" xüsusi yer tutur.
Noyabr ayının 19-da və 20-də Lənkəran sərhəd dəstəsində, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Türkan qəsəbəsində yerləşən bazasında və Xudat sərhəd dəstəsinin Qusar rayonunun Yalama qəsəbəsində yerləşən sərhəd zastavasında keçirilən "Valideyn günləri"ndə hərbi hissələrin rəhbərliyi, rayon icra hakimiyyətlərinin, yerli bələdiyyələrin nümayəndələri və əsgərlərin valideynləri iştirak edib. Keçirilən tədbirlərdə, öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissələr və sərhəd zastavası barədə ümumi məlumat verilmiş, qonaqlar yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əldə edilmiş yüksək nailiyyətlər xüsusi vurğulanıb. Həmçinin, tədbirdə Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunmuş uğurları əks etdirən foto-slaydlar və video görüntülər nümayiş etdirilib.
Görüşdə çıxış edən valideynlər yaradılmış şəraitdən razı qaldıqlarını bildirib, övladlarına öz tövsiyələrini veriblər. Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb, övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy və təklifləri dinlənilibdir.
Xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçular "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılıb, fərqlənmiş hərbi qulluqçuların valideynlərinə "Təşəkkür məktubları" təqdim olunubdur.
Birgə nahardan sonra tədbir iştirakçıları yerli incəsənət ustalarının və hərbi hissələrin özfəaliyyət kolletivlərinin hazırladığı maraqlı konsert proqramlarına tamaşa edib, əsgərlər valideynləri ilə birlikdə rəqs edərək əyləniblər.
ÜLVİ