Dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar YAP Quba rayon təşkilatında tədbir keçirilib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına həsr olunmuş film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov partiyanın yaranma tarixinə nəzər salaraq, 1992-ci il noyabr ayının 21-də, Azərbaycanın müxtəlif regionlarından Naxçıvana gəlmiş 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi təsis konfransında Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinin qəbul edildiyini bildirib: "Ümummilli Lider Heydər Əliyev partiyanın Sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adında xalqa xidmət etmək məqsədilə əzəmətli bir güc mərkəzi daxil oldu. Həmin tarixi hadisədən dərhal sonra partiyanın təşkilatları yaranmağa başladı. Partiyanın ilk rayon təşkilatlarından biri də, məhz 16 yanvar 1993-cü il tarixdə rayonumuzda 5 nəfərdən ibarət təşəbbüs qrupunun təşəbbüsü ilə YAP Quba rayon təşkilatı yaradıldı".
Tədbirdə YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü, millət vəkili Yevda Abramov çıxışında ötən dövrə nəzər salaraq, qeyd edib ki, ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Ulu Öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər: "Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyul ayında yeni siyasi mübarizə yolu seçərək, Ümummilli Liderin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Vətənpərvər Azərbaycan ziyalılarının "Səs"qəzetinin 16 oktyabr 1992-ci il tarixli nömrəsində çap olunmuş həmin müraciəti sonralar çağdaş tariximizə "91-lərin müraciəti" adı ilə daxil oldu.
Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov tarixi dövrə nəzər salaraq, təməli Ulu Öndər tərəfindən qoyulan inkişaf strategiyasının müasir dövrümüzdə Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurlda davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatı şura üzvü Elza Orucova, rayon təşkilatı idarə heyətinin üzvü Həsən Günəşli və başqaları Yeni Azərbaycan Partiyasının böyük uğurların müəllifi olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda bir qrup partiya fəallarına Fəxri fərmanlar və YAP sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqəsi təqdim olunub.
NƏZAKƏT