Dünən YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, 1988-1993-cü illər Azərbaycanın tarixində ağır və içtimai-siyasi çətinliklərlə fərqlənən dövr idi: "Bu tarixi dövrdə vətənimizin və xalqımızın düçar olduğu çətinlikləri aradan qaldırmaq, xalqın mübarizlik əzmini yüksəldən, onu öz ardınca aparmağa qadir olan bir siyasi partiyanın yaranmasına ciddi ehtiyac yaranmışdı: "Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, böyük hörmətə layiq insanlar, ziyalılar Ümummilli Lider Heydər Əliyevə müraciət edərək, xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar. Xalqın bir ideya ətrafında birləşdirilməsi üçün isə vahid təşkilat, ideya birliyi gərək idi. Yaranmış ictimai-siyasi vəziyyətin ağırlığını nəzərə alan respublikanın 91 nəfər tanınmış ziyalısı qeyd olunan bütün müsbət keyfiyyətləri özündə birləşdirən Dahi Siyasətçi Heydər Əliyevin simasında görərək, yeni partiyanın yaradılması ilə bağlı Ulu Öndərə müraciət etdilər. Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək, 24 oktyabr 1992-ci ildə gələcəkdə Azərbaycanın siyasi həyatında fəal iştirak edəcək Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurət olduğunu xalqa və ziyalılara çatdırdı. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirildi, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndərimiz Heydər Əliyev Konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi".
Tədbirdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Hindarx qəsəbə ərazi ilk təşkilatının sədri Akif Qasımov, 11 saylı tam orta məktəbinin direktoru Lətafət Əlizadə, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Salatın Səmədova çıxış edərək, YAP-ın yaranması, onun keçdiyi çətin və şərəfli yol, ölkəmizin ictimai-siyasi həyatında oynadığı rol barədə tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək, tədbirdə iştirak edən YAP fəallarını, eyni zamanda, siyasi həmfikirlərini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının bütün üzvlərini təbrik edib.Ş.Məmmədov Yeni Azərbaycan Partiyasının yaranandan bu günədək keçdiyi tarixi yoldan, bu yolda qarşıya çıxan çətinliklər və onların dəf edilməsi üçün Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti, YAP-ın hazırda ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe və oynadığı roldan danışıb.
Tədbirdə rayonun partiya həyatında fəal iştirakına görə, bir qrup şəxsə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı, eyni zamanda, YAP sıralarına daxil olmuş gənclərə partiyanın vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
ZÜMRÜD