PDF Oxu

Sosial

  • 190

Daşkəsən rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Daşkəsən rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Daşkəsən rayonunda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzidə ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları rayonun Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.

Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, bu bayramın Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərini xatırladan Ə.Abıyev qeyd edib ki, bu sahədə həyata keçirilən uğurlu islahatlar Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələnmişdir: "Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxminli ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir. Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi".

Rayon rəhbəri çıxışında onu da bildirib ki, bu gün Azərbaycanda müşahidə olunan inkişaf meyilləri 98 illiyini qeyd edən ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır: "Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir".

Tədbirdə Daşkəsən rayon məhkəməsinin hakimi Tofiq Məmmədov çıxış edərək, qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevə ədliyyə işçilərinə verdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib: "Onun rəhbərliyi altında demokratik və ədalətli Azərbaycan uğrunda öz fəaliyyətimizi qurmağa çalışırıq".

Tədbirdə digər çıxış edənlər də rayon ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

R.HÜSEYNOVA

Digər xəbərlər