Naxçıvan Muxtar Respublikasında son illər uşaqlarla bağlı həyata keçirilən tədbirlər və görülən işlər sağlam gələcəyin formalaşmasına xidmət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron-məlumat bankının yaradılması da bu istiqamətdə görülən işlərin davamıdır. Çünki informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə edib, uşaqlarla bağlı məlumatları elektronlaşdırmaqla, uşaq hüquqlarının daha operativ müdafiəsinə, aidiyyəti orqanların bu sahə ilə bağlı səmərəli fəaliyyətinə və hər bir uşaq haqqında informasiyaların asanlıqla əldə edilməsinə nail olmaq mümkündür. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müvafiq sənəddən irəli gələn məsələləri həll etmək üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron-məlumat bankının təşkili və aparılması Qaydası" təsdiq edilib. Cari ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron-məlumat bankı yaradılıb.
Elektron-məlumat bankının istifadəçiləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial-Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır.
Bu günədək elektron-məlumat bankına 4242 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Ötən müddət ərzində fərdi qaydada uşaq hüquqları haqqında məlumat bankında uşaqların adı, soyadı və atasının adı, doğulduğu tarix, doğumunun qeydiyyata alındığı yer, yaşadığı ünvan, şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnaməsinin seriya və nömrəsi, ata və anasının yaşadığı ünvan və vətəndaşlıq vəziyyətləri, doğum və ölüm tarixləri, valideynlərinin nikah vəziyyəti ilə bağlı məlumatlar yerləşdirilib. Bundan əlavə, uşaqların qeydiyyatda olduğu səhiyyə və təhsil aldığı müəssisələr, sağlamlıq tarixçəsi, müalicə aldığı səhiyyə müəssisəsi, xüsusi təhsil və idman nailiyyətləri, uşaqlara təyin edilmiş əmək pensiyası və yaxud sosial müavinətlər, ünvanlı sosial yardım təyin edilmişdirsə, məbləği və verilmə müddəti kimi məlumatlar da uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron-məlumat bankında yerləşdirilib.
Elektron-məlumat bankına uşaqlar haqqında məlumatların daxil edilməsi və onların təhlili davam etdirilməkdədir.
Samir