PDF Oxu

Sosial

  • 317

Azərbaycan - İran arasında etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək

Azərbaycan - İran arasında etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək

DQİDK sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb. DQİDK-dən qəzetimizə verilən məlumata görə, komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Mübariz Qurbanlı iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb.

Mübariz Qurbanlı Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparıldığını, ölkəmizdə bu cür qrupların sosial bazasının mövcud olmadığını və Azərbaycanın bu sahədəki təcrübəsinin digər ölkələr tərəfindən maraqla qarşılandığını bildirib.

Səmimi qəbula görə minnətdarlıq edən Cavad Cahangirzadə bu cür görüşlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xətlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.

Səfirə fəaliyyətində uğurlar arzulayan Mübariz Qurbanlı onun Azərbaycan-İran arasında dini və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi də iştirak ediblər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər