"Bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevə inanır və Onun addımlarını dəstəkləyir"
Azərbaycan Respublikası Tarif Şurasının 2016-ci il noyabrın 28-də keçirilən növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yağının satış tariflərinə baxılıb, müvafiq tarif tənzimlənməsi aparıb. Söhbət etdiyimiz müsahiblərimiz bu qərarın sosial ədalət prinsipinin təmin olunması baxımından önəmli olduğunu bildirdilər.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva: "Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır"
- Bu gün anti-Azərbaycan şəbəkəsinin siyasi direktivlərilə hərəkət edən bəzi qruplar Tarif Şurasının qərarı ilə manipulyasiya edərək, ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Xüsusilə də, sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə "kütləvi narazılıq fonu" yaratmağa cəhd göstərirlər. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevə inanır və Onun addımlarını dəstəkləyir. Dünyada müşahidə olunan böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına ciddi təsir etməməsi üçün Prezident İlham Əliyev bütün mümkün addımları atır, ölkənin sosial-iqtisadi vəziyyətini stabil saxlamağa çalışır. Dünya ölkələrində, xüsusilə də, Avropanın planetar miqyasda "nümunə" kimi göstərilən dövlətlərində kommunal xərclərin, vergilərin ən yüksək həddə çatdırıldığı, sosial xərclərin ixtisar edildiyi bir vaxtda Azərbaycanda daha çox insanların rifah halının yaxşılaşdırılması tədbirləri haqqında düşünülür. İnkişaf etmiş ölkələrdə vergilər və kommunal tariflər artırılarkən, nəinki insanların vəziyyəti nəzərə alınır, hətta vətəndaşlara məlumatlar belə verilmir. Amma Azərbaycanda sosial ədalət prinsipi qorunsun deyə, vətəndaşların xeyrinə qərarlar verilir. Dünya ölkələrində kommunal xərclər Azərbaycana nisbətən, dəfələrlə yüksəkdir. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin effektivliyindən irəli gəlir: "Məsələn, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belarus timsalında götürdükdə, qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisi 1 kvs-a. görə 18-55 qəpik arası dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir, qazdan istifadəyə gəldikdə isə, ildə 800-850 avro xərcləməli olur. Elektrik enerjisinin hər 1 kvs.-a görə alman, fransız və belçikalı ailələr 11 avrosent ödəyirlər. İslandiyada 4 nəfərlik ailə isə hər ay 200-300 avro kommunal xərclərə pul ödəyir. Bir sözlə, bu gün orta amerikalı, yaxud avropalı ailə hər ay 600-700 dollar kommunal xərclərə pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manatarası dəyişir". Deputat əlavə edib ki, Tarif Şurasının son qərarı bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyərin göstərici oldu. Çünki Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan, kommunal tariflərin hesablanmasında differensiallaşma və optimallaşdırma variantına razılıq verdi. Bu da, bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Əhalinin müəyyən bir hissəsinin istehlak tələbatının həddi nəzərə alınıb"
- Tarif Şurasının son qərarı cəmiyyətimizdə birmənalı qarşılanmasa da, müəyyən nüansları var ki, ədalətli yanaşma baxımından ona mütləq nəzər yetirilməlidir. İnsanlar qazın, işığın kütləvi istehlakçısı olduqlarına görə, qazda və işıqda müəyyən qiymət dəyişiklikləri olanda, onların düşüncəsini hərəkətə gətirə bilir. Yəni insanlar kütləvi istehlakçı olduqlarına görə, qazın və işığın bahalaşmasına tam şəkildə laqeyd yanaşmırlar, müəyyən reaksiyalar göstərirlər, müzakirə edirlər. Amma bir şeyi başa düşmək lazımdır ki, bu qərarlarda müəyyən nüanslar var ki, onlara mütləq toxunmaq və bunu ictimaiyyətə demək lazımdır. Məsələ burasındadır ki, burada, bildiyiniz kimi, müəyyən limitlər müəyyənləşdirilir, yəni hədlər tətbiq olunur. Bu da, əhalinin müəyyən kateqoriyasının istehlak tələbinə tamamilə uyğundur. Bəli, Azərbaycanda ailələr var ki, onlar ay ərzində 250 kilovat-saat elektrik enerjisi, 1500 kubmetr qaz işlədə bilir. Onun istehlak tələbatı yalnız bu qədərdir. Özü də belə istehlakçıların sayı çoxdur. Bu mənada, qərarın təqdirəlayiq tərəfi ondan ibarətdir ki, əhalinin müəyyən bir hissəsinin istehlak tələbatının həddi nəzərə alınıb. Nəzərdə tutulan limitdən artıq sərfiyyatın olmasından müəyyən əhali təbəqəsinin maddi vəziyyəti ilə uyğun gəlməsə də, bu, israfçılığın aradan qaldırılmasına imkan yaradacaq. İki nüansı xüsusi qeyd etmək istəyirəm: Birincisi, əhalinin daha təminatlı hissəsi üçün istehlak tələbatının uyğun bir formasının tapılması və istehlakın həmin səviyyədə olduğu təqdirdə, qiymətin köhnə qaydada saxlanması, ikincisi isə əhalinin başqa bir təbəqəsinin göstərilən normadan artıq sərfiyyat üçün elektrik enerjisi və qaz sərf olunduğu təqdirdə, onun ailə büdcəsi daha çox itirməsin deyə həmin kateqoriyanın daha ciddi qənaət rejiminə keçməsi ilə bağlıdır. Düşünürəm ki, bu iki nüans çox qısa müddətdə əhalinin yeni tariflərə uyğunlaşmasını təmin edə biləcək".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev: "Aztəminatlı ailələr qaz və işığın pulunu əvvəlki qiymətlərlə ödəyəcəklər"
- Neftin qiymətinin birdən-birə 3-4 dəfə ucuzlaşması yeni iqtisadi reallıqlar yaradıb. Neft ölkəsi olan Azərbaycan da öz iqtisadi siyasətini bu reallıqlara uyğun qurmaq məcburiyyətindədir. Yeni şərait müxtəlif sahələrə dövlət büdcəsindən dotasiyaların ayrılmasını məhdudlaşdırmağı qaçılmaz edir. Bu baxımdan, işıq və qaz üçün yeni tariflərin müəyyənləşdirilməsi gözlənilən idi. Təbii ki, qiymət artımı populyar qarşılanacaq bir hadisə deyil, amma reallıqları da qəbul etməliyik. Qaz və işıq təsərrüfatının dayanıqlılığının təmin edilməsi, qənaət rejiminin formalaşdırılması baxımdan, bu addımın atılması zəruri idi. Bir sevindirici məqam da odur ki, hökumət qərarı qəbul edərkən, əhalinin aztəminatlı təbəqəsinin maraqlarını da nəzərə alıb. Sərfiyyatı az olan abunəçilər, hansı ki, bunlar daha çox aztəminatlı ailələrdir. Onlar qaz və işığın pulunu əvvəlki qiymətlərlə ödəyəcəklər. Ümumilikdə, bazar iqtisadiyyatı şəraitində yaşadığımızdan, bu cür yeniliklərə hazır olmalıyıq.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov: "Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmin olunması baxımından ədalətli qərardır"
- Tarif Şurasının qərarı sosial ədalət prinsipinin təmin olunması baxımından ədalətli qərardır. Kommunal xidmətlərlə bağlı hər bir dövlət cəmiyyətin və xalqın maraqlarına uyğun siyasəti var. Azərbaycan hakimiyyəti bütün məqamlarda və qəbul etdiyi qərarlarda və atdığı addımlarda, birinci növbədə, xalqının maraqlarını düşünüb. Bu baxımdan, düşünürəm ki, Tarif Şurasının qiymətlərlə bağlı verdiyi qərar ölçülüb-biçilmiş bir qərardır. Bu qərarın aztəminatlı ailələrə heç bir mənfi təsiri olmayacaq. Qərarın qüvvəyə minməsi qaz və elektrik enerjisi sahəsində yarana biləcək israfçılığın qarşısını alacaq. Həm də, iş adamlarının məsuliyyətini artıra bilər ki, bu da sosial-iqtisadi inkişafın yüksəlməsinə yalnız xeyir verə bilər.
GÜLYANƏ