2017-ci ildə Bakıda sayca ikinci dəfə keçiriləcək "Formula-1" yarışı zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. Ümumilikdə, 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub. Könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar. Könüllülər Proqramına qoşulmaq istəyənlər bu keçidə daxil olaraq, qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login. Könüllülər Proqramının icrası məqsədi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərkibində akademiya fəaliyyət göstərəcək. Akademiyanın və eyni zamanda, əməliyyat şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədova yeni yaradılmış akademiyanın könüllülərin fərdi inkişafında böyük xidməti olacağını bildirib: "BŞH Akademiyası Azərbaycan gənclərinin inkişafını əsas məqsəd kimi qarşıya qoymaqla bu istiqamətdə mühüm rol oynayacaqdır. Akademiyada müsahibə mərhələsindən uğurla keçmiş könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər ilə yanaşı, xarici dil üzrə danışıq klubları təşkil olunacaq."
Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq "Formula-1" Avropa Qran - Prisinin promouteri və eyni zamanda, yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" adlanır. 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 370 km, saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari "F-1" təqvimində ən sürətli şəhər treki statusunu təsdiq etdi.
Samir