Eldar Əzizov: "Nyu-York şəhərində Bakı küçəsi olacaq"
Paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonu ilə ABŞ-ın Nyu-York şəhərinin əhali cəhətdən ən böyük rayonu olan Bruklin inzibati rayonu arasında yaradılmış dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Bakı şəhəri Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adams ilə görüşüb.
Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adams, cari ilin sentyabrında Bakıda səfərdə olduğunu xatırladaraq, paytaxtımızdan olduqca xoş təəssüratlarla döndüyünü vurğulayıb. Azərbaycan cəmiyyətinin tolerantlığının və sülhpərvərliyinin bir daha şahidi olduğunu vurğulayaraq deyib ki, iki rayon arasında işgüzar əlaqələrin qurulması tərəflər arasında əlaqələrin daha da genişlənməsinə şərait yaradacaqdır.
E.Adams Bruklindəki küçələrin birinə Bakının adının verilməsi təşəbbüsünü irəli sürdüyünü bildirib.
Nümayəndə heyətinin rəhbəri, Səbail rayon icra hakimiyyətinin başçısı E.Əzizov Azərbaycanda son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışmış, bildirmişdir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində son illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, burada böyük iqtisadi irəliləyişlər əldə olunmuşdur.
E.Əzizov paytaxt Bakı şəhərinin gündəngünə inkişaf edib daha da gözəlləşməsindən, həmçinin, ölkəmizin qədim tolerantlıq ənənələrindən söhbət açıb, Azərbaycanda buna dövlət səviyyəsində xüsusi diqqət ayrıldığını bildirib. Qeyd edib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda multikulturalizmlə bağlı dünya miqyaslı forumlar keçirilir. Azərbaycanın multikulturalizmin inkişafına verdiyi töhfələr dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri hər il may ayının Bruklində Azərbaycan mədəniyyəti və Qafqaz irsi ayı elan edilməsinə görə Erik Adamsa və bu tədbirin yüksək səviyyədə təşkil olunmasında fəal iştirakına görə Bakı-Bruklin Qardaşlaşmış Şəhərlər Assosiasiyası və onun prezidenti Mariyetta Rozentala da təşəkkür edib.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir və bununla bağlı bir sıra proqramlar uğurla həyata keçirilir.
Görüşdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov amerikalı həmsöhbətlərə münaqişə barədə məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin indiyədək Ermənistan tərəfindən işğal altında saxlandığını, təcavüzkar ölkənin bu torpaqların azad edilməsi barədə beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını bildirib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Bruklində fəaliyyət göstərən "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinə baş çəkib. Burada mərkəzin rəhbəri Alyona Bədəlova və heykəltəraş Emin Quliyev tərəfindən mərkəzin fəaliyyəti barədə məlumat verilib. Qısa proqram, mərkəzin tələbələri olan uşaq və gənclərin rəsm işləri nümayiş etdirilib.
Ü.ƏSGƏROV