Dünən AMEA-nın əsas binasında AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi, Fizika İnstitutunun təşkilatçılığı ilə XIV Asiya-Sakit Okean hövzəsi Ölkələrinin Kvant İnformatikası Elmi Konfransı və seminarının (APCWQIS-2016) açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev açaraq, konfransın kvant informatikasının gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. AMEA-nın Akademi-katibi konfransın ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib, tədbirdə əldə olunan nəticələrin elmimiz üçün faydalı olacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, tədbirin təşkilat komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nazim Məmmədov kvant informatikasının yaranması və inkişafı tarixindən danışıb. N.Məmmədov bildirib ki, bu gün hətta ən güclü klassik kompüterlərin və kvant alqoritmlərin öhtəsindən gələ bilmədiyi məsələləri gələcəkdə informasiya-kommunikasiya texnologiyalarının əsas elementi kimi kvant kompüterləri effektiv həll edəcək.
Sonra Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası Elmi Konfransı və seminarının İdarə Heyətinin sədri, professor Çu Hiap Oh çıxış edərək bildirib ki, konfrans bundan öncə Sinqapur, Cənubi Koreya, Avstraliya, Çin, İsrail, Malaziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub. Professor Çu Hiap Oh qeyd edib ki, hazırda kvant informatikası yaxşı inkişaf etmiş tədqiqat sahəsi olmaqla atom və optika fizikası, kvant optikası, aşağı temperaturlar fizikası, bərk cisimlər fizikası, kompüter elmləri və mühəndislik sahələrinin geniş marağındadır.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək vurğulayıb ki, hazırda AMEA Fizika İnstitutu dünya standartları səviyyəsində inkişaf edir və fond bu işdə elmi müəssisəyə yaxından köməklik göstərir.
E.Babayev vurğulayıb ki, fond dövlət başçısının ölkəmizdə elmin inkişafı ilə bağlı apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak edir və göstərilən etimadı doğrultmağa çalışır.
Tədbirin birinci günü fasilədən sonra İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sədrlik etdiyi sessiya ilə davam edib.
Nəzakət ƏLƏDDİNQIZI