Hər il olduğu kimi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Növbəti tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Milli Məclisin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Səhnədəki monitorda Ulu Öndər Heydər Əliyevin portreti canlandırılmışdı. Tədbir dəniz dalğalarının səsi ilə başlanır və Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında İohan Sebastyan Baxın "Ariya"sı səslənir. Orkestrin ifası zamanı Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilir.
Tədbirdə qeyd olunmuşdur ki, düz 13 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli Lideri Heydər Əliyev əbədiyyətə qovuşdu: "Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Ulu Öndər Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş epoxası. Təkcə sovet hakimiyyəti illərində Onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır".
Anım tədbirində vurğulanıb ki. Ulu Öndər Heydər Əliyev böyük vətəni idi. O öz böyük vətənini sevdiyi kimi, kiçik vətənini, yəni ailəsini də dünyalarca sevirdi. Ailə Onun dayağı idi, ona bütün işlərində dəstək idi. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, Onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi Prezident İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.
Tədbirdə tanınmış incəsənət xadimləri, xalq artisti Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Nigar Cəlilova, skripkaçı Rövşən Əmrahov çıxış etmiş, anım gecəsi gənc və istedadlı müğənni İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə bitmiş, mərasim zamanı gənc rəssam Ella Əzizbəyova qumla Ulu Öndərin şəklini çəkmişdir.
Mərasim çox təsirli və yaddaqalan keçmiş, tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər.
RƏFİQƏ KAMALQIZI