Bildiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti ölkədə "reket" jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirləri həyata keçirir. Artıq insaların intim videogörüntülərini yaymaqla şantaj etmə, hədə-qorxu ilə pul tələb etməyə görə bir neçə nəfər həbs edilib.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının "reket" jurnalistikaya qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə bildirdi ki, kimliyindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, jurnalistikaya xələl gətirən, insanlara, cəmiyyətə qarşı mənəvi terror həyata keçirən, bu müqəddəs peşəyə ləkə yaxan "qəzet" və "sayt" rəhbəri hüquqi çərçivədə cəzalandırılmalıdır: "Bu gün Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilir. İnsanlar ictimaiyyət üçün nəzərdə tutulan xəbərləri, məlumatları rahat şəkildə əldə edə və yaya bilirlər. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs sərbəst və açıq şəkildə öz fikirlərini ifadə edir. Təbii ki, qanun çərçivəsində. Lakin bəzən yaradılmış şəraitdən sui-istifadə edənlər də peyda olur. Belələri jurnalist adına ləkə gətirməklə yanaşı, insanların şəxsi həyatlarına müdaxilə edərək, qanunazidd əməllər törədirlər. Onları təhqir edir, böhtan atır, şəxsi həyatına, ailə həyatına müdaxilə edir. Bu jurnalistikanın prinsiplərinə ziddir və cəmiyyətə qarşı mənəvi terror həyata keçirmək deməkdir. Qətiyyən bu cür hallara yol vermək olmaz. Qanunu pozan hər kəs isə öz əməlinə görə cavab verməli, cəzasını almalıdır."
V.Rəhimzadə DTX-nın "reket" jurnalist fəaliyyəti ilə məşğul olanlara qarşı keçirdiyi əməliyyatları ictimai mühitin və eyni zamanda, jurnalistikanın sağlamlaşdırılması istiqamətində uğurlu addım kimi qiymətləndirdi: "Mətbuat Şurası fəaliyyətinin bütün dövrlərində "reket" jurnalistlərə qarşı mübarizə aparıb. Təəssüf ki, həmin şəxslərin adları Mətbuat Şurasının "qara siyahı"sına salınsa da, bu cür fəaliyyətlə məşğul olan media orqanlarına dəfələrlə xəbərdarlıq edilsə də, onlar öz çirkin əməllərindən əl çəkməyiblər. Əvəzində isə yeni qəzet və saytlar yaradaraq qanunazidd fəaliyyətlərini bundan sonar da davam etdiriblər. Bu mənada, Dövlət Təhlükəsizlik Xidmətinin "reket" jurnalistlərə qarşı keçirdiyi əməliyyatları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cəmiyyət bu cür ünsürlərdən təmizlənməlidir."
"İki sahil" qəzetinin baş redaktoru əlavə etdi ki, hazırda Mətbuat Şurasının "qara siyahı"da 100-ə yaxın KİV-in adı var: "Mətbuat Şurası bundan sonra da "reket" jurnalist fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəsini davam etdirəcək."