PDF Oxu

Sosial

  • 1 507

Azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi Heydər Əliyevin tarixi xidmətidir

Azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi Heydər Əliyevin tarixi xidmətidir

Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir fərdi dövlətin inkişafında iştirak etməlidir. Bu iştirak vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə, vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında özünü göstərə bilər. Tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin toplusu azərbaycançılıq ideyasıdır.

Hər bir ideologiyanın əsasını gerçəkliyə real münasibət amili təşkil edir. Bu münasibət tarixi təcrübəyə əsaslanmalı, tarixi xarakter daşımalıdır. İdeologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın və millətin rolunu təyin edən, dövlətin tarixi simasını formalaşdıran ən parlaq və obyektiv ideyaların məntiqi yekunudur. Azərbaycançılıq xalq tarixinin obyektiv izahına qulluq edir.

Tarixi kökə malik xalqların, o cümlədən, Azərbaycan türklərinin ideologiyasının əsasını əvvəlcə mif, daha sonra isə din, yəni qədim inamlar təşkil etmişdir. Hüdudsuz düşüncə tərzinin ifadəsi olan miflər xalqın özü haqqında söylədiyi danılmaz həqiqətdir. Miflərdə sonralar Azərbaycan xalqının təşəkkülündə rol oynamış tayfaların dünyagörüşü, əxlaq tərzi və gələcəyə münasibəti öz əksini tapmışdır . Mifik təfəkkürü güclü olan xalqların sonrakı taleyi daha aydın, tarixdəki mövqeyi isə möhkəm olmuşdur. Azərbaycan ideologiyasında türk mifik təfəkkürü ilə "azad ruh" hissi bütövlük təşkil edir. Azad ruh türk tayfalarının genetik enerji mənbəyi, dünyaya çıxış nöqtəsidir. Mifik təfəkkür və inanclarımızda ilkin ideoloji sistemdə kök salmış azad ruh sonrakı tarixi dövrlərdə yeni və daha kamil ideologiyanın yaranmasına təkan verdi.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, məhz Heydər Əliyevin tarixi xidmətidir.

Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti müasir dünyaya inteqrasiya edərək, beynəlxalq aləmin diqqət mərkəzinə çevrilərək, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində öz yerini tutdu.

Ulu Öndər Heydər Əliyevin böyüklüyü, məhz onda idi ki, o, fərqli proseslərin kəsişmə xəttini, vəhdət məqamını tapmağı bacarırdı. Dünya xalqları sırasında öz dəsti-xətti və çoxəsrlik dövlətçilik tarixi ilə seçilən Azərbaycan xalqı tarixi sınaqlardan çıxmaqla müstəqilliyini, milliliyini qorumağı bacarmışdır. Bu isə, emosional özünüdərketmə yoluyla reallaşmamışdır. Nəzəri və ideoloji səviyyədə, rasional dərketmə vasitəsilə müəyyənləşdirilmişdir. Rasional müəyyənləşmə üsulu isə, məhz azərbaycançılıq ideologiyasının tələbi ilə yaranmışdır.

Azərbaycançılıq ideolgiyası təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını əks etdirir. Uzun müddət milli ideologiyamızın konsepsiya şəklində formalaşmadığı dövrlərdə tariximiz, milli-mənəvi dəyərlərimiz digər ideologiyaların hücumuna məruz qalmışdır. Heç bir əsası olmayan dəlillərlə ideoloji fikrin böhranı yaşanmış və ideologiyamız sıxışdırılmışdır.

Azərbaycançılıq ideologiyasının inkişaf tarixində nəzəri-praktik baxımdan önəmli mərhələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayır və 80-ci illərin sonlarında başa çatır. Bu, Heydər Əliyev mərhələsidir.

Hələ sovet dövründə Dahi Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik edərkən, azərbaycançılıq ideyasının bütün həmvətənlərimiz arasında yayılmasına və bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, eləcə də, Azərbaycan diasporunun formalaşmasını vacib sayırdı. 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu güclü və müstəqil Azərbaycanın sütunudur. Ulu Öndər çıxışlarının birində bu barədə belə demişdir: "Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənlərini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".

Heydər Əliyevin dövlət təlimində güclü dövlət anlayışı özünün bütün atributları ilə birgə onun iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Ulu Öndərin düşündüyü güclü dövlətin əsasını mütəşəkkil mərkəzi və yerli idarəetmə mexanizmi olan, ictimai-siyasi həyatı sabit, qanunları işlək , ədalətli cəmiyyəti olan, insanları dəyərləndirilən və qabiliyyətinə görə proseslərə cəlb edilən, milli birliyə malik bir sistem tələb edirdi. Heydər Əliyev, hər bir Azərbaycan vətəndaşını və güclü iradəyə malik, azad və qlobal düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün əhəmiyyətli insan kimi görmək istəyirdi.

Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır.

Prezident Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında dövlətin siyasətini səciyyələndirərkən, onun prioritet hissəsini bu cür nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Azərbaycançılıq konsepsiyası dövlətçilik strategiyasının bünövrəsini təşkil edir. Azərbaycançılıq ideologiyası Azərbaycanın keçmişi, bu günü və gələcəyini özündə birləşdirən, müstəqil Azərbaycanın qüdrətini, bütövlüyünü qorumağa, gələcək nəsillərə ötürməyə istiqamətlənən bir ideologiyadır. Azərbaycançılıq ideologiyası mükəmməl şəkildə hazırlanmış bir konsepsiya olmaqla, yalnız Azərbaycanın tarixini, milli xüsusiyyətlərini deyil, həmçinin, dövlətimizin hüquqi, vahid, dünyəvi və demokratik prinsiplərini əhatə etməklə, Azərbaycanın sabitliyinin qorunmasına və inkişafına yönəldilmiş bir sistemdir . Azərbaycançılıq ideologiyası özündə ümummilli və ümumbəşəri dəyərlərin toplusunu ehtiva edən unikal sistemdir.

Məruz qaldığı keşməkeşli tarixə və çətin sınaqlara baxmayaraq, milli dövlət ideologiyası olan azərbaycançılıq bu gün bizim qarşımızda mükəmməl təşkil edilmiş ideya kimi durur. Onun ümumi tarixlə, bir neçə millətin və etnik qrupun Azərbaycanda birgə yaşayış təcrübəsi, ümumi mental xüsusiyyətlərini səciyyələndirən öz bölgüsü var. Azərbaycançılıq ideologiyası Azərbaycanın hüquqi və demokratik dövlət kimi möhkəmlənməsinə və inkişafına yönəldilmiş bir sistemdir.

Azərbaycançılıq ideologiyası müstəqil və bənzərsiz Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur.

Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini anlatmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.

Ümummilli Lider Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq arenada vahid amal, əqidə və məqsəd ətrafında birləşdirən milli təlim - azərbaycançılıq ideologiyasını yaratdı. Ulu Öndər azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasına çevirdi. Ümumilikdə, müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının yaranması, formalaşması, həyata keçirilməsi, və zənginləşdirilməsi üçün qlobal perspektivlər müəyyənləşdirdi.

Azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyevin ideyasıdır və bu ideyanın düzgün təbliğatının nəticəsidir ki, Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Hər bir məsələdə Ulu Öndərin ideyalarına əsaslanan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, onun inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də müasir dövrün reallıqları ilə ayaqlaşır.

Ulu Öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev də azərbaycançılıq ideologiyanın daşıyıcısı və fəal təbliğatı ilə məşğuldur. Bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətinə diqqəti yönəltmiş, bunun ideoloji-siyasi çərçivələrini müəyyənləşdirmişdir. Dövlət başçısı İlham Əliyev müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan, xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin çıxışlarında azərbaycançılıq ideologiyasının təbliğində diaspor təşkilatlarımızın əməyinin əvəzsiz rolunu yüksək qiymətləndirməsi, Onun hər bir vətəndaşımıza olan qayğısının göstəricisidir.

Onun siyasi zəkasının və milli ideologiyaya sadiqliyinin nəticəsi kimi müstəqil Azərbaycanın beynəlxalq aləmdə hazırkı nüfuzu və demokratik dəyərlərə sadiqlik nümayiş etdirməsini göstərmək olar.

Azərbaycançılıq ideyası bu gün dövlətin əsas dayaqlarından biridir.

Azərbaycançılıq ideologiyası vahid Azərbaycan xalqına və onun bütün dünyaya səpələnmiş övladlarına məxsusdur.

Nüşabə Əşrəfova,

YAP GB-nin üzvü

Digər xəbərlər