PDF Oxu

Sosial

  • 635

Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ümummilli Lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Dünən Nərimanov rayon icra hakimiyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin qatıldığı tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb.

Hikmət Babaoğlu qeyri-adi şəxsiyyəti, böyük istedadı ilə fərqlənən, xarizmatik Lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin dahi şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq, Azərbaycanın ən yeni tarixinin, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib. Millət vəkili, Ümummilli Liderin cismən aramızda olmadığı son on üç ildə Onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycanın dövlətçiliyinin daha da gücləndiyini, ölkə həyatının bütün sahələrində inanılmaz bir tərəqqiyə nail olunuğunu və ölkəmizin istər regionda, istərsə də dünya müstəvisində öz sözünü diqtə edən güclü bir qüvvəyə çevrildiyini və bu yolda inamla irəlilədiyini qeyd edib.

Ulu Öndərimizin Fəxri Xiyabandakı məzarının ötən illər ərzində qədirbilən xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrildiyini söyləyən natiq, demək olar ki, bütün il boyu insanların böyük izdihamla buraya gələrək, Azərbaycanı bütün dünyaya tanıtmış, dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə etdiklərini xüsusilə vurğulayıb. Hikmət Babaoğlu Azərbaycan xalqının həmişə Ulu Öndər Heydər Əliyev kimi qüdrətli dövlət xadiminə malik olmasından qürur hissi duyduğunu və Ulu Öndərin əziz xatirəsinin Azərbaycanda, eləcə də, ölkəmizin hüdudlarından kənarda daim dərin hörmətlə anılacağını deyib.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Digər xəbərlər