Səbail rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev bildirib ki, düz 13 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli Lideri Heydər Əliyev əbədiyyətə qovuşdu: "Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Ulu Öndər Heydər Əliyev dövrü yüksəliş dövrü kimi ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılıb".
"Təkcə sovet hakimiyyəti illərində Onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır"-deyə vurğulayan Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" tarixi kəlamıını xatırladaraq bildirib ki, Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur.
Anım tədbirində vurğulanıb ki, Onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi Prezident İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.
Tədbirdə çıxış edən şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Minarə Əliyeva isə bildirib ki, Dahi Öndər Heydər Əliyev deyəndə, göz önünə Azərbaycan gəlir: "Hər bir azərbaycanlı fəxr edir ki, onun Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyəti var. Ümummilli Lider Heydər Əliyevin irsi o qədər zəngindir ki, bu irs hələ uzun illər tədqiq olunacaq, bu istiqamətdə böyük araşdırmalar aparılacaqdır".
Rəfiqə HÜSEYNOVA