Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında Ulu Öndərin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda elmi-praktik konfrans keçirilib.
YAP Biləsuvar rayon təşkilatının qərargahında keçirilən tədbirdə iştirakçılar əvvəlcə rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Elmi-praktik konfransı YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib: "Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin məhsuludur. Ulu Öndər Heydər Əliyev bütün həyatını dövlətçiliyimiz, xalqımızın bugünü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - müstəqil Azərbaycanı bizə hədiyyə etmişdir".
Tədbirdə YAP Biləsuvar rayon təşkilatı idarə heyətinin üzvü Rəfiqə Cəfərova, 7 saylı ərazi ilk partiya təşkilatının sədri Əlisafa Qəmbərov, 42 saylı ərazi ilk partiya təşkilatının sədri Xalidə Ağayeva çıxış edərək, Ulu Öndərin xilaskarlıq missiyasından, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsindən ətraflı söhbət açıblar.
Konfransa yekun vuran YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirib ki, bütün varlığı ilə Azərbaycana xidmət edən Ulu Öndər Heydər Əliyev əsrlər durduqca Azərbaycan xalqının qəlbində yaşayacaqdır: "Ulu Öndərin həyat yolu bütün azərbaycanlılar üçün bir nümunədir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dinamik sürətlə inkişaf edərək, yeni-yeni uğurlara imza atır".
R.NURƏDDİNOĞLU