Dünən Bakı Avrasiya Universitetinin rəhbərliyi və professor-müəllim kollektivi Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül-çiçək dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.
Bakı Avrasiya Universitetində Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova Ümummilli Lider Heydər Əliyevin nəsillərə örnək ola biləcək şərəfli ömür yolundan, dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilmiş gənclər siyasətindən söhbət açıb: "Ulu Öndər hər zaman gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə məhəbbətlə yanaşmaşına, gənclərin problemlərinin həllinə böyük diqqət ayırıb".
Daha sonra BAAU-nın Elm və tərbiyə işləri üzrə prorektoru Gülzar İbrahimova Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən söz açaraq, Azərbaycan xalqının əbədiyaşar liderinin siyasi aləmdəki nüfuzundan danışıb.
Digər çıxış edənlər də Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən, Onun siyasi irsinin təbliğinin əhəmiyyətindən, Ümummilli Liderin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıblar.
Daha sonra Ulu Öndərin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş edilib.
NƏZAKƏT