Dünən Milli Kitabxanada "Azərbaycanın tarixi silahları" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev nazirlik tərəfindən son illərdə keçirilmiş geniş beynəlxalq kütləvi tədbirlərdən, həmçinin, kitabın əhəmiyyətindən bəhs edərək, nazirlik tərəfindən kitabın bir neçə dilə tərcümə ediləcəyini və dünya ölkələrində yayımlanacağını vurğulayıb.
Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas çıxışında kitabın günümüzdə böyük əhəmiyyətə malik olduğunu, Azərbaycan dilinə tərcümə edilərək, hərbi hissələrə göndərilməsinin vacib olduğunu qeyd edib. O, kitabın kütləvi tirajla nəşrinin həyata keçirilməsini təklifini irəli sürüb.
Tədbirdə polkovnik Mehman Süleymanov, müəlliflərdən Adil Minbaşı və Azər Məmmədov bu tədqiqat əsərinin gərgin və uzunmüddətli axtarışların nəticəsi olduğunu qeyd edərək, xarici muzeylərdəki milli silahlarımızın araşdırılması, onların pasportlaşdırılması məsələlərindən danışıblar. Kitabın dünya kitabxanalarına çatdırılması işinin vacibliyi vurğulanıb.
AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Xalyəddin Xəlili, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı gənclərin hərbi- vətənpərvər ruhda tərbiyəsi, öz tarixi keçmişini öyrənməsi baxımından kitabı yüksək qiymətləndirib və orta ümumtəhsil məktəblərində tədrisinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək, "Azərbaycanın tarixi silahları" kimi qiymətli kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
ZÜMRÜD BAYRAMOVA