Dünən Nəsimi rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının gənclər arasında birgə keçirdiyi "Unudulmaz Lider və Mənim Prezidentim" layihələrinin yekununa həsr edilmiş "55 adda-55 Qalib" tədbiri keçirilib. Ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclərin, rayon ictimaiyyətinin nümayəndələrinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi: "Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsidir".
A.Əsgərov onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış əmin-amanlıq şəraitində Azərbaycan gəncləri çox saylı uğurlarla yeni ilə və yeni hədəflərə doğru addımlayır.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edərək ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışaraq, gənclərin əldə etdiyi uğurlara görə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Həmçinin tədbirdə, ilin yekunlarına və layihələrdə fəal iştirakına görə gənclər arasında 55 nominasiya üzrə keçirilən müsabiqələrdə iştirak edən gənclərdən 55 qalibə mükafat təqdim edilibdir. Tədbirdə YAP Nəsimi rayon təşkilatının gənclər birliyi tərəfindən hazırlanmış "Gənclər öz Liderini təbrik edir" video filminin və "Ulu Öndər Nişanəsi" mahnısının təqdimatı da keçirilibdir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ən fəal gəncləri xüsusi hazırlanmış lövhədə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə öz səmimi təbriklərini də yazıblar.
Sonra Azərbaycan Velosiped Federasiyası tərəfindən velosipedçilərin yürüşü təşkil edilib. Veloyürüşə Nəsimi rayon icra hakimiyyətinin qarşısından start verilib və qızlardan ibarət komandanın yarışı keçirilibdir. Yarışda qalib gələn velosipedçi qızlar mükafatlandırılıblar.
Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri - Ziyad Səmədzadə, Sahibə Qafarova, Şahin İsmayılov və digər rəsmilər də iştirak ediblər.
Tədbir bədii proqramla yekunlaşıb.
Ü.ƏSGƏROV