Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla və elmi- tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyini nəzərə alaraq 2016-cı ildə məqsədli "Elm-Təhsil İnteqrasiyası" müsabiqəsini elan edib. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, müsabiqə 2016-cı il 21 dekabr tarixində keçirilmiş AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasının Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində müəyyənləşdirilmiş məqsədlərinə də müvafiqdir.
Müsabiqə akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, eləcə də kadr hazırlığını təmin etmək məqsədilə akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələrə müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə keçirilir.
Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilməli, ümumi say (rəhbərlər daxil olmaqla) 8 nəfərdən, layihələrin icra müddəti 1 ildən artıq olmamalıdır. Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək.
NƏZAKƏT