İslam dünyasının bir parçası olan Azərbaycanda ölkə başçısının Sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan edildi
İyirmi birinci yüzillikdə sürətlə inkişaf edən Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni sahələrdə əldə etdiyi yüksək göstəriciləri böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirməsi dayanır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınır.
"ÖLKƏMİZDƏ SABİTLİYİN MƏNBƏYİ XALQIMIZIN İRADƏSİDİR, XALQIMIZIN SEÇİMİDİR"
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Yola saldığımız 2016-cı il də Azərbaycan üçün uğurlu il kimi yadda qaldı. Dünyada qanlı münaqişələr, müharibələr baş verdiyi və ictimai-siyasi sabitlik pozulduğu halda Azərbaycan sabitlik adası, dinamik inkişafda olan ölkə kimi nüfuza sahibdir. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, yola saldığımız ildə Azərbaycan inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. "Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir"- deyən İlham Əliyev bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən birinə çevrildiyini bildirib: "Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən, bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq ki, bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur".
MALİYYƏ BÖHRANI DÜNYA DÖVLƏTLƏRİNİ BÜDCƏ XƏRCLƏRİNİ AZALTMAĞA MƏCBUR ETDİYİ ZAMANDA AZƏRBAYCANDA SOSİAL SAHƏLƏRƏ DİQQƏT ARTIR
Ötən ildə Azərbaycan Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, fərmanlar iqtisadi islahatları daha da dərinləşdirdi, iqtisadi sabitlik qorundu və ölkəmiz bir çox əhəmiyyətli layihələri reallaşdırdı. 2016-cı ildə, bütün sahələrdə olduğu kimi, sosial məsələlər də öz həllini tapıb. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. İnsanların sağlamlığının qorunması, təhsilin inkişafı da prioritet məsələ kimi diqqətdədir. Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur etdiyi zamanda Azərbaycanda səhiyyənin, təhsilin inkişafına, bu və ya digər sahalərin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artır. Gələcək nəslin sağlam böyüməsinə daimi diqqətin nəticəsidir ki, təkcə bu il səhiyyə sahəsinə, əlavə olaraq, 83 milyon manat ayrılıb. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir. Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarını açılışında dövlətimizin başçısı şəxsən iştirak edib.
AZƏRBAYCAN ÇOX BÖYÜK MÜSBƏT BEYNƏLXALQ İMİCƏ MALİKDİR
Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir: "Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur".
AZƏRBAYCAN TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN GÜCLƏNMƏSİNƏ DƏ TÖHFƏLƏRİNİ VERİR
Azərbaycan multikultural bir dövlətdir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib.
Bu gün Azərbaycan, sözün həqiqi mənasında, dünyada tolerantlığa nümunə olan ölkədir. Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Ötən il "Multikulturalizm ili" çərçivəsində keçirilən tədbirlər dünyaya bir daha göstərdi ki, Azərbaycanda multikultural dəyərlər yaşayır. Bu dəyərlər insanları sülhə və dostluğa səsləyir. İlham Əliyev qeyd edib ki, Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır: "Keçən il və ondan əvvəlki illərdə multikulturalizmlə bağlı bədbin fikirlər səslənib. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlətmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə, əlbəttə ki, səylərini davam etdirəcək".
Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs, bütün sahələrdə olduğu kimi, multikultural mühitin möhkəmlənməsi, o cümlədən, tolerantlıq ənənələrinin güclənməsinə də töhfələrini verməkdədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya da nümunə göstəririk: "Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk".
"BİZ BU OYUNLARI KEÇİRMƏKLƏ BİR DAHA GÜCÜMÜZÜ, İMKANLARIMIZI GÖSTƏRƏCƏYİK, DİNİ DƏYƏRLƏRİMİZƏ SADİQLİYİMİZİ NÜMAYİŞ ETDİRƏCƏYİK, ÇALIŞACAĞIQ Kİ, İSLAM ALƏMİNİ BİRLƏŞDİRƏK"
Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Təkcə ötən il ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, "Formula-1" yarışları və digər tədbirlər uğurla keçdi. Bu il isə Azərbaycan daha bir mötəbər tədbirə "IV İslam Həmrəyliyi Oyunları"na ev sahibliyi edəcək. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İlk Avropa Oyunları "Bakı - 2015" - də olduğu kimi, sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"nın tarixinə yeni səhifə açılacaq. "Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, islam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir" - deyən Prezident İlham Əliyev bunun böyük siyasi tədbir, böyük mədəni tədbir, böyük ictimai hadisə olduğunu bildirib: "Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar islam haqqında rəy formalaşdırırlar ki, islam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, islam dünya üçün təhlükədir, islamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop islam" deyirlər... Faşizm islam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, islam aləmini birləşdirək".
Bütün dünyada, eləcə də İslam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan prinsipial, ədalətli mövqeyi ilə seçilir. Yola saldığımız ötən il Prezident tərəfindən "Multikulturalizm ili" elan edilməsi ilə Azərbaycan siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi və uğurlara imza atdı. Bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olundu. Əsrlər boyu islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan islam dininin yayılmasında və eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib. Bütün bu və ya digər amillərlə yanaşı, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilib.
İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edildi. Təbii ki, islam dünyasının bir parçası olan Azərbaycan il ərizində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verəcək, sülsevər siyasətini bir daha dünyaya bəyan edəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI