Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Teatr Festivalına yola düşüb. Dövlət Musiqili Teatrı İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad" iki hissəli musiqili komediyası ilə ölkəmizi təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyndən qəzetimizə verilən məlumata görə, teatrın kollektivi bu münasibətlə 13-18 yanvar tarixlərində Təbrizdə səfərdə olacaq: "35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız və ölkəmizi bu beynəlxalq festivalda təmsil etməyimiz kollektivimizdə ikiqat məsuliyyət hissi və ruh yüksəkliyi yaradıb. Bu mötəbər festivaldakı çıxışımızın uğurlu alınacağına inanıram. Ümumiyyətlə, 2017-ci ilin Musiqili Teatr üçün uğurla başladığını deyə bilərik. Bir neçə gün öncə - yanvarın 11-də teatrımızın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanı təhvil verdik. İmre Kalmanın dünyada məşhur olan "Silva" operettasının premyerasını çox böyük uğurla keçirtdik və bu səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Yanvar ayının sonlarında isə daha bir premyera gözlənilir". Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq "Ər və arvad" tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanovdur. Təbrizdə göstəriləcək tamaşada rolları əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.
ZÜMRÜD