Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransının keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə təşkilatın Dövlət Dəmiryol Liseyi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Əvvəlcə Dövlət Dəmiryol Liseyinin direktoru Həsən Bayramov yığıncağın gündəliyi haqda məlumat verib. Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Oruc Həsənov bildirib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən, xüsusilə, gənclərin hesabına güclənib. Təşkilatda hazırda qeydiyyatda olan üzvlərin əksəriyyəti gənclərdir və təşkilat üzvləri partiya tərəfindən keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak ediblər. Qeyd olunub ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra ediləcək.
Yığıncaqda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib: "Konfransa hazırlıqla əlaqədar təsdiq olunmuş qrafikə əsasən, bütün ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə və konfransa nümayəndələrin seçilməsinə başlanılıb". T.Tağıyev, həmçinin, ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edib və yeni seçilən tərkibə uğurlar arzulayıb.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının X konfransına 5 nəfər nümayəndə seçilib.
RƏFİQƏ