20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib. AMEA-nın Fiziologiya, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Fəlsəfə, Neft-Kimya Prosesləri, Elm Tarixi, Əlyazmalar, Dilçilik, Botanika institutlarında, Mərkəzi Nəbatat Bağında, həmçinin, Hüseyn Cavidin Ev Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyində anım mərasimləri keçirilib.
Tədbirlərdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib: "Faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub."
Çıxışlarda vurğulanıb ki, Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb: "Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi, bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümü ərəfəsində şəhidlərin əziz xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda dərin ehtiramla yad edilir."
NƏZAKƏT