Dünən Milli Kitabxanada 20 Yanvar hadisələrinin 27-ci ildönümü münasibətilə "20 Yanvar-hüzn və milli qürur günü" adlı geniş kitab sərgisinin açılışı olub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, yaxın keçmişə nəzər salıb, soyuq qış gecəsində sovet ordusunun silahlı birləşmələrinin dinc, əliyalın əhaliyə tutduğu divandan danışıb. Televiziyanın enerji blokunun partladılmasından, qəzetlərin çıxmamasından, Azərbaycanın informasiya blokadasında olmasından, səsinin heç yana çatmamasından, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin belə çətin gündə sayıqlığından, Onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bəyanat verməsindən söhbət açıb. O, bu gün 20 Yanvar hadisələrinin həm də azadlıq, müstəqillik yolunda atılan ilk addım olduğunu söyləyib.
Direktor müavini Ədibə İsmayılova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətlləri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirib.
Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli Azərbaycanın azadlığına, müstəqilliyinə həsr etdiyi şeirini söyləyib.
Tədbirin sonunda iştirakçılar qanlı hadisələri özündə geniş əks etdirən "20 Yanvar- hüzn və milli qürur günü" adlı kitab sərgisi ilə tanış olublar.
ZÜMRÜD