Dünən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verib. Komitə sədri öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. Tahir Budaqov 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, hərbiçilərin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməklə, xalqımıza başsağlığı verdiyini, sovet rəhbərliyinə qarşı açıq etirazını, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini xatırladıb, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıb. Tədbirdə Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, eləcə də, Azərbaycan həqiqətlərinin, o cümlədən, bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması sahəsində həyata keçirilən mühüm tədbirlər haqqında ətraflı məlumat verilib.
Anım tədbirində çıxış edən Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elbrus Quliyev, Xidmət statistikası şöbəsinin baş məsləhətçisi Pərvin Əbülfəsova, İnsan resursları və hüquq şöbəsinin aparıcı məsləhətçisi Flora Tağıyeva faciənin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həm də Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılmasından, terror hadisəsinin Ümumxalq Hüzn Günü kimi əbədiləşdirilməsindən, bu qanlı hadisəyə ilk siyasi və hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolundan danışıblar.
Samir