Dünən YAP Xaçmaz rayon təşkilatı Xaçmaz dəmiryol stansiyası ərazi ilk pratiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının hesabatı dinlənilib. Hesabatı təqdim edən ilk partiya təşkilatının sədri Əliqiyam Məmmədov ötən konfransdan keçən dövr ərzində görülən işlər barəsində məlumat verib.
Tədbirdə çıxış edən YAP üzvləri Vüsal Sadıqov, Ruxsalə Kərimova, Saleh Məmmədov, Süleyman Əliməmmədov və digərləri hesabatı qənaətbəxş qiymətləndirərək, YAP-ın ölkəmizin və regionun ən güclü siyasi təşkilatı kimi dövlətimizin və xalqımızın mənafeyi naminə əzmlə fəaliyyət göstərdiyini bildiriblər.
Yığıncaqda YAP Xaçmaz rayon təşkilatının şura üzvü, rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov çıxış edərək, ölkəmizdə həyata keçirilən islahatların uğurları haqqında da məlumat verərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində respublikamız öz müstəqilliyini daha da möhkəmləndirib, iqtisadiyyatını gücləndirib, dünya dövlətlərində baş verən böhranlardan özünü qoruya bilib.
Yığıncaqda təşkilatın idarə heyətinin üzvləri, ilk partiya təşkilat sədri və müavinləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransına nümayəndələr seçilib.
Ü.ƏSGƏROV