Nizami rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə keçirdiyi tədbirdə Dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatı gənclər birliyinin fəaliyyətinə dair hesabat videosu nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: "Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində, bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov söyləyib ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu: "Ulu Öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyini yaratdı, 1996-cı ildən başlayaraq gənclərin forumları təşkil edildi, 1997-ci ildə isə imzalanan Sərəncamla Fevralın 2-si Gənclər Günü elan edildi. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilmiş proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm faktora çevrildi".
YAP Nizami rayon təşkilatı gənclər birliyi sədri Sevinc Abdullayeva isə qeyd edib ki, Nizami rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlar.
Sonra partiyaya qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev Məktəbi"nin məzunlarına sertifikatlar, Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən Rəsul Çunayevə və partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəallığına görə bir qrup gəncə fəxri fərmanlar, xatirə hədiyyələri təqdim edilib.