Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat-seçki yığıncağı keçirilib.
Yığıncağı Bülbülə qəsəbə inzibati ərazi ilk partiya təşkilatının sədri Elçin Seyfullayev açaraq, ötən ildə görülmüş işlər barədə ətraflı məruzə edib. Məruzəçi qeyd edib ki, hesabat dövründə partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən, xüsusilə, gənclərin hesabına güclənib.
Yığıncaqda çıxış edən Firuzə Hüseynova, Elvin Kərimov, Arzu Qarayusifli və başqaları ərazi ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrindən biri olan ideoloji işin, o cümlədən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildiriblər.
Yığıncaqda iştirak edən YAP Suraxanı rayon təşkilatı idarə heyətinin üzvü Nazim Fətullayev Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yarandığını bildirib: "Rayon təşkilatının 106 ərazi ilk təşkilatı üzrə 8200 nəfər YAP üzvünü ətrafında birləşdirir. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaradıcılıqla və uğurla davam etdirdiyi siyasət sayəsində müstəqil dövlətmiz inkişaf edərək, regionun lider dövlətinə və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilib".
Hesabat-seçki yığıncağı ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndirib. Partiya üzvlərinin açıq səsverməsi ilə Elçin Seyfullayev yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin, ərazi ilk partiya təşkilatından YAP Suraxanı rayon təşkilatının IX konfransına nümayəndə seçilib. Sonda yığıncağın yekunu üzrə müvafiq qərar qəbul olunub.
Zümrüd BAYRAMOVA