Tahir Mirkişili: "Gün gələcək Ermənistan rəhbərləri də bu cür qolu qandallı Bakiya gətiriləcəklər"
Azay Quliyev: "Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən hər kəs üçün ciddi bir dərs olacaq"
2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, özünə məxsus Puerrtto.livejournal.com portalında "DQR" müstəqil dövlət kimi qələmə verən, həmçinin, 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə, qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına münasibət bildirən millət vəkili Tahir Mirkişi "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub və bunu nümayişkəranə edib: "O, Azərbaycan dövlətinin gücünü lazımı qiymətləndirə bilməyib, özü də kiməsə və nəyəsə arxayın olaraq. Ancaq Azərbaycan dövlətinin gücü qarşısında həm Lapşin, həm də onun himayədarları acız qaldılar. Bu, Azərbaycan qanunlarını pozan hər kəsə bir dərs oldu. Xüsusən ki, işğalçı Ermənistana. Əminəm ki, bir gün gələcək Azərbaycan xalqına qarşı cinayət törətmiş Ermənistan rəhbərləri də bu cür qolu qandallı Bakiya gətiriləcəklər. Ermənistan Azərbaycan ərazilərini işğal etməklə yanaşı, digər ölkə vətəndaşlarını da bizim qanunları pozmağa sövq edir. Onların cəzasiz qalacaqlarını və lazım gəldikdə, Ermənistanın onları dəstəkləyəcəyi vəd edilir. Bu hadisə Azərbaycanın haqlı mövqeyinin nə qədər güclü olduğu və bunun qarşısında heç kimin dura bilmədiyini göstərdi. Azərbaycan Prezidentinin güclü siyasi iradəsi qarşısında Ermənistan da, onun havadarları da aciz qaldılar".
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev A.Lapşinin Bakıya gətirilməsinə münasibət bildirərək qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi mühüm hadisədir: "2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək, separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bu şəxs haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açmasını və göndərilən sorğuya əsasən, Belarusda həbs edilərək, ölkəmizə təhvil verilməsini tələb etməsini alqışlayıram. Belarus Respublikasının hüquq-mühafizə orqanlarına və şəxsən prezident Lukaşenkoya göstərdiyi prinsipilallığa görə təşəkkür edirəm. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq və bundan sonra belə qanunsuz əməllərə əl atmaq niyyətində olanları əvvəlcədən hərtərəfli düşünməyə vadar edəcək. Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur. Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduqları cəzanı alacaqlar".
Samir