Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri də Göyçay rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil edilib. Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfransda rayon icra hakimiyyətinin nümayəndələri, rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi çıxış edərək, görkəmli elm xadiminin ömür yolundan və Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərindən danışıblar. Onlar bu yubileyin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə qeyd edilib ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. O, sonrakı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Əziz Əliyev bu xidmətləri ilə yanaşı, həm də gözəl ailə başçısı olub.
Konfransda Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xidmətləri, ictimai-siyasi və dövlətçilik fəaliyyəti və digər mövzularda məruzələr dinlənilib.
NƏZAKƏT