İİV/QİÇS problemi daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları, əsasən, yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir. YST və UNAİDS-in 2016-cı ilin məlumatına əsasən, İİV-lə mübarizədə qalibiyyət yalnız yeni yoluxma hallarının qarşısının alınması və antiretrovirus müalicəsinə əlçatanlığın genişləndirilməsi yolu ilə mümkündür.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən, 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 mln nəfər təşkil etmişdir ki, onlardan da 2,1 mln nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Son 1 il ərzində dünyada QİÇS-dən ölənlərin sayı 1,1 mln nəfər olmuşdur ki, onların da 110 mini uşaqlardır.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 8.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2538 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 640 nəfərə müalicə 2016-cı il ərzində başlanılmışdır.
Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145388 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 105 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir, onlardan 44 nəfəri yeni aşkar olunan şəxslərdir.
NƏZAKƏT