Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak edib.
Mərasim iştirakçıları öncə hərbi hissənin ərazisinə baxış keçirib, yaradılmış şəraitlə tanış olublar. Sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında marşlar və həzin musiqilər səsləndirilib. Onun ardınca isə Atçılıq Mərkəzinin nailiyyətlərini əks etdirən filmə baxış keçirilibdir.
Yubiley mərasimində xüsusi xoreoqrafiya ilə Azərbaycan bayrağı ilə Qarabağ və Dilboz atları üzərində "Süvarilər" qrupu, İsland Poniləri, Çövkən komandaları, Konkurçular, Poloçular parad şəkilində atlarla manejə daxil olublar. Daha sonra "Süvarilər" qrupunun nümunəvi çıxışları nümayiş etdirilib və Konkur elementləri üzrə yarış keçirilibdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizin idman nailiyyətlərinin ildən-ilə artdığı, atçılığın və atçılıq idmanının xüsusi diqqət mərkəzində saxlanıldığı, Azərbaycan atçılıq idmanının bu gün inkişaf dövrünü yaşadığı vurğulanıb, Atçılıq Mərkəzinin əldə etdiyi nailiyyətlərdən danışılıbdır. Ölkəmizdə keçirilən "Çövkən" oyunlarında, Konkur və Cıdır yarışlarında sərhədçi idmançıların qazandıqları uğurlar, 2015-ci ilin sentyabr ayında, ilk dəfə olaraq, Bakı şəhərində idman reytinqinə görə, Avropanın ən güclü yığmalarının iştirakı ilə keçirilmiş Arena Polo üzrə 1-ci Avropa Çempionatında milli yığmamızın qazandığı qələbədə sərhədçi idmançıların xüsusi rolu qürur hissi ilə qeyd edilibdir.
"Sərhədçi" Atçılıq Mərkəzində təkmilləşdirmə prosesləri uğurla aparılıb, beynəlxalq standartlara cavab verən ən müasir infrastruktur yaradılıbdır. Atçılıq Mərkəzi xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində, eləcə də, ölkəmizdə atçılıq idmanının təbliği və inkişafında, idmançılarımızın yarış təcrübəsinin artırılmasında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində uğurlu fəaliyyət göstərir.
Yubiley tədbirinin sonunda fərqlənmiş idmançılar və hərbi qulluqçular mükafatlandırılıblar.
Ü.ƏSGƏROV