15 fevral Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu gün bütün dünyanı xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə mənəvi dəstək olmağa çağırır və bu xəstəliklər haqqında əhalinin maariflənməsində böyük rol oynayır. Eyni zamanda, 15 fevral dünya ictimaiyyətinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətini artırır və onların problemlərini həll etməyə çağırır.
Bu gün, eyni zamanda, dünyada xərçəng xəstəliyinə qalib gəlmiş uşaqların qəhrəmanlığını, həmçinin, valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına istinadən uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5%-ni təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərdən çox fərqlidir və əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar böyük bir qrup təşkil edir.
2012-ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində respublikada ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası fəaliyyətə başlamışdır. Bu müasir və çox mühüm müalicə ocağının yaradılmasında Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır. Hazırda Uşaq Onkoloji Klinikası regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, çox komponentli müalicənin bütün növləri icra edilir, o cümlədən, intensiv kimya terapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir. Mərkəzdə 19 həkim və 40 tibb bacısı çalışır.
Hər il olduğu kimi, bu il də 15 fevralda uşaq onkologiyasının əməkdaşları və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə birlikdə Bakıda Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü qeyd olunacaq.
NƏZAKƏT