IV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
IV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin yekunları ilə bağlı mətbuat konfransı təşkil edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri, qurumun baş məsləhətçisi Sevinc Mürvətqızı bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir. Qeyd edib ki, mütəmadi olaraq, təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin məntiqi davamı kimi həyata keçirilir: "Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə imkan yaratmaqdır. Beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq Multikulturalizm Məktəbində "Azərbaycanın Gənc Dostları" Beynəlxalq Klubu yarandı və hazırda 200-dən artıq üzvü ilə fəaliyyət göstərir."
13-20 fevral 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" devizi altında Bakı şəhəri və Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi təşkil edib. S.Mürvətqızı bildirib ki, IV Beynəlxalq Multikulturalizm Məktəbində "İslam həmrəyliyi bizə nə verir" mövzusunda geniş video-təqdimat nümayiş etdirilib, yerli mütəxəssislər və xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinlənilib.
NƏZAKƏT