PDF Oxu

Sosial

  • 888

Xocalı soyqrımı, qan yaddaşımız

Xocalı soyqrımı, qan yaddaşımız

Bəşər tarixinə öz vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə, ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən 25 il keçir. Xalqımıza qarşı törədilən bu vandalizm aktı bizim tariximizdə ən qanlı, ən böyük, ən ağır yaralardan biridir. Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı hadisəsi dünyanın bir çox yerlərində baş vermişdir. Ancaq Azərbaycana qarşı Ermənistan qəsbkarları və təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Öz qəddarlığı ilə seçilən Xocalı soyqırımı özlərini qədim və mədəni xalq kimi qələmə verməyə çalışan erməni vəhşiliyinin, erməni vandalizmin, erməni faşizmin bir nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərində genosid aktı həyata keçirdilər. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta süədəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta erməni bəd xislətlərindən geri qalmayaraq, meyitləri belə təhqir etməkdən çəkinməmişlər. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli Lider faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayaraq, deyirdi ki, "Bu, amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı bir neçə yüz il ərzində, erməni millətçi-şovinistlərinin, davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.

Xocalı faciəsinin əsl mahiyyətini-cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək üçün "Xocalıya Ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.

Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina, Peru, Honduras parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-ın 16 ştatı bu soyqırımını tanıyıb. Lakin Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında verdiyi Sərəncam dünyaya bir mesaj idi. Prezidentimizin gələcəkdə digər rayon və kəndlərimizin, işğal altında olan bütün torpaqlarımızın da azad edilməsi sahəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları istiqamətində böyük yolun, böyük qayıdışın başlanğıcıdır.

Azərbaycanın ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan Xocalıda baş verən soyqırımı elə bu şəhərdə ucaldılacaq böyük bir abidənin önündə yad edəcəkləri günü Xocalı sakinləri səbirsizliklə gözləyirlər.

Hüseyn Vəliyev,

YAP Qaradağ rayon idarə heyətinin üzvü

Digər xəbərlər