Moldova Azərbaycanlılar Konqresi və Azərbaycanın Moldovadakı Səfirliyi Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib. Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Diplomat faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının böyük rolunu vurğulayıb.
Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov bildirib ki, Ermənistanın torpaqlarımıza məqsədyönlü təcavüzü nəticəsində bir milyon qaçqın və məcburi köçkün doğma torpaqlarından didərgin düşüb.
Tədbirdə Etnik Əlaqələr Bürosunun baş direktoru Oleq Babenko, Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç, Moldova Parlamentinin deputatı, parlamentin xarici siyasət və Avropa inteqrasiyası komissiyasının sədr müavini Sergey Stati, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu, Beynəlxalq Əlaqələr üzrə israilli ekspert, politoloq və "Ağrı" kitabının müəllifi Arye Qut və başqaları çıxış edərək, bildiriblər ki, Xocalı soyqırımını törədənlər cəzalandırılmalı, faciə bəşəriyyət tərəfindən unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır.
NƏZAKƏT