Qan yaddaşımızın ən faciəli, ağrılı nisgili ürəyimizdə daim yaşatdığımız Xocalı soyqırımı... 1992-ci il fevralın 25-dən 26 -sına keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndidə yerləşən 366-cı moto-atıcı alayı bölmələrinin yardımı və iştirakı ilə Azərbaycanın Xocalı şəhərində genosid aktı həyata keçirdilər. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə bir müsibət, belə bir vəhşilik görməmişdi. O gecə evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, xəstəyə və qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğlu erməni terrorçularının qəbirləri üstündə qurbanlıq kəsildilər. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başıaçıq halda meşələrə - dağlara üz tutanların çoxsu yolda dondu, qar uçqunlarına düşdü.
O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyitləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədi yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin... Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir erməni vəhşiliklərini təsvir etməkdə... Xocalı soyqırımı təkcə Xocalı sakinlərini yox, bütün Azərbaycan xalqının dərdi-qəmidir. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir. Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli və müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrur və mərddirlər. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalı sakinlərinin bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma Xocalı sakinləri hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda, vətənpərvərlik nümunəsidir. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini zoraki erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən divan tutuldu dinc əhaliyə... Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Cinayətkar hərbi birləşmələrin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər əlil olmuş,1275 nəfər dinc sakin - qocalar, uşaqlar,qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur.200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən, əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.
Rusiyanın "Memorial" Hüquq-Müdafiə Mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirildi. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. O zamankı ölkə rəhbərliyinin bu soyqırıma olduqca laqeyd və qətiyyətsiz münasibəti nəticəsində ermənilərin işğalçılıq, etnik təmizləmə, terrorçuluq, habelə, Xocalı soyqırımı kimi dəhşətli cinayət törətməsinə dünya ictimaiyyəti biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün beynəlxalq səviyyədə hansısa təsirli tədbirlər görülməmişdir.
BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla Xocalıda baş verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi də olduqca üzücü və təəssüfləndirici faktdır. Halbuki beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq, ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində isə qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin, məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini, məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular.
Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən, müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən, onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində "İnsan hüquqları haqqında Ümumi Bəyannamədə", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Halbuki artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübuta yetirmək üçün təbliğat maşınını tam gücü ilə işə salaraq "Sumqayıt olaylarını" dünyaya bəyan etdilər. Biz isə yaşadığımız gerçək qətliamı dünyanın önünə çıxarmağa tələsmirdik. Hətta 1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" fərman da kağız üzərində qalmışdı.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ümummilli Liderimiz ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə, ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində, üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.
Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 25 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.
Artıq dünya ictimaiyyəti də həqiqətin nədən ibarət olduğunu çox yaxşı başa düşür. İslam Əməkdaşlıq təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə "erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-ın bir sıra ştatları bu soyqırımı tanıyıb.
Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş bu Xocalı Soyqırımı öz ağla sığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Aysel Əliyeva,
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı
Intel ilə birgə...
...Ümmətin yaddaşı və onun sivilizasiya birliyinin simvolu