Dünən Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçirilən Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan ümumrayon anım tədbirində yığıncaq iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı Soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib: "Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında"qərar qəbul etdi. Məhz bu baxımdan, Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində, Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat və təşviqat aparılır, erməni vandalizmi bütün gerçəklikləri ilə dünyaya təqdim olunur".
Ə.Abıyev çıxışında onu da bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir: "Bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırımı kimi qiymət verilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası ötən illər ərzində diqqətçəkən uğurlara nail olmuşdur. Dünyanın ən böyük şəhərlərində, beynəlxalq tribunalarda Xocalı sakinlərinin haqq səsi eşidilməkdədir".
Tədbirin sonunda rayon mədəniyyət işçilərinin və Daşkəsən rayon A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib və Xocalı faciəsindən bəhs edən sənədli filmə baxış keçirilibdir.
RƏFİQƏ KAMALQIZI