İsa Həbibbəyli: "Xocalı Soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq"
Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı Soyqırımı törətməsindən 23 il ötür. Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində Xocalı Soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir.
"Səs" qəzetinə Xocalı qətliamı ilə bağlı fikirlərini bölüşən AMEA-nın vitse prezidenti, millət vəkili İsa Həbibbəyli bildirdi ki, Xocalı Soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq: "Xocalı soyqırımı Azərbaycan xalqının ümummilli faciəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri Xocalı şəhərində dinc əhaliyə qarşı Soyqırımı törətdi. Bu soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı cinayətdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı Soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Belə ki, Ümummilli Liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı Soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Bu gün Azərbaycan hökuməti, Azərbaycan Prezidenti Xocalı hadisəsini kütləviləşdirmək üçün əlindən gələni əsirgəmir. Amma bizim hər birimiz millət vəkili, alim olaraq, bu yöndə öz töhfələrimizi verməliyik. Bu baxımdan, ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasında da həmişə Xocalı Soyqırımı alimlərimiz tərəfindən geniş şəkildə qeyd olunur. Azərbaycan alimləri Xocalı Soyqırımı ilə bağlı hər il ermənilərin işğalçılıq siyasətini əks etdirən yeni elmi-tədqiqat işləri aparırlar. Azərbaycan alimlərinin ermənilərin Azərbaycanın toponimlərini saxtalaşdırılmasına dair elmi tədqiqat əsərləri, eyni zamanda, erməni və "hay" anlayışlarının fərqli mənalarını ifadə etmək üzrə tədqiqatları və sairə bu kimi yeni tədqiqat işləri hazırlanılıb. Həmçinin, ilk dəfə olaraq, Azərbaycan alimləri "Erməni psixologiyası" adlı kitab da nəşr edib. Bu kitabda ermənilərin hansı psixologiyaya malik olduğu aydın şəkildə göstərilir. Eyni zamanda, bu əsərdə erməni kişilərinin, qadınlarının və gənclərinin tərbiyələrini əks etdirən ciddi məsələlər, xüsusi olaraq göstərilir. Beləliklə də, Azərbaycan Elmlər Akademiyası və onun alimləri, bütövlükdə, Ermənistan-Azərbaycan münaqiəsinin sənədlərlə öyrənilməsi və "Xocalıya ədalət" kampaniyasının uğurla aparılması istiqamətində sistemli işlər aparırlar. Bütün bu işlərlə yanaşı, alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən "Xocalıya ədalət" kampaniyasında yaxından iştirak edir, ermənilərin işğalçılıq və soyqırımla bağlı əldə etdikləri sənədləri dünya ictimaiyyətinə çatdırırlar.
Bütövlükdə, bütün bu görülən işlər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən sistemli şəkildə siyasətin qurulması onu göstərir ki, biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacaq və mütləq öz ərazi bütövlüyümüzü təmin edəcəyik.
RƏFİQƏ HÜSEYNOVA