Aləmi bəzəyər işığıyla Ay,
Ancaq öz ləkəsi üzündə qalar.
Ovladı çiçək tək sevər, əzizlər,
Övladın eşqilə yaşar analar.
Sevda dolu baxışından nur ələr,
Öz eşqinin qanadında yüksələr,
Övlad eşqi dünyasında dincələr,
Sonra da kükrəyib daşar analar.
Pərvanə yanırkən şamın oduna,
Çağırmır heç kəsi öz imdadına,
Eşqilə yanarkən, öz övladına
Neçə bayatı da qoşar analar.
Doludur dünyada iztirab, kədər,
Bir duyan görmədim mən ana qədər.
Özgələr dərdini duyana qədər,
Bil, bütün hədləri aşar analar.
Aydın, bu sevgiyi, sən də baş əy, dur,
İnsan sevilərkən, bil, xoşbəxt olur,
Daima qorunsa analıq yolu,
Cahanda əbədi yaşar analar.
Aydın İsmayılov,
təqaüdçü mühəndis,
Sumqayıt şəhəri