PDF Oxu

Sosial

  • 1 843

Təhsilalanlar vətənpərvərlik və dövlətçilik ruhunda yetişir

Təhsilalanlar vətənpərvərlik və dövlətçilik ruhunda yetişir

Prezident İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" devizi altında keçirilən tur-aksiya gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında təqdirəlayiqdir

Gənc nəslin vətənpərvərlik tərbiyəsi, Azərbaycana sevgi hissi, vətəndaşlıq məsuliyyəti ən əhəmiyyətli məsələlərdəndir. Dövlət- gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Məhz ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri də, bilavasitə gənclərin mənəvi, fiziki və psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də, müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub-saxlanmasına yönəldilir.

Təhsilalanların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin əhəmiyyətini, eləcə də, ilkin hərbi bilik, bacarıq və vərdişlərin gənclərin inkişafına böyük təsirini nəzərə alaraq, aidiyyəti təşkilatlarla birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi "Cəsurlar", "Şahin", "Sərhəd" Hərbi-İdman və Turizm Respublika oyunları keçirilir. Həmçinin, "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışı və "Gənc xilasedici" beynəlxalq turniri, "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunur.

Bütün görülən işlərin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq" devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Maarifləndirici tur-aksiya ölkədə təhsilin inkişafına, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edir. Layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə verir.

Bu layihə çərçivəsində hər il yüzlərlə məktəbli Azərbaycanın müxtəlif diyarlarında olur. Maarifləndirici tur-aksiya çərçivəsində məktəblilər Azərbaycanın qədim tarixi və mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyləri, görkəmli sənətkarların ev muzeyləri, ziyarətgah və digər görməli yerləri ilə yaxından tanış olurlar. Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyüməsinə təsir göstərir, onların mənəvi inkişafında müsbət rol oynayır.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında keçirilən maarifləndirici tur-aksiya ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində çox böyük rola malikdir.

Yetişən nəsil Azərbaycanı qarış-qarış gəzib, onun tarixini, bu torpaq uğurunda canından keçən qəhrəmanlarının həyat yolunu öyrənməli, onun yeraltı və yerüstü xəzinəsi ilə tanış olub, bu torpağa layiq vətəndaş kimi yetişməlidirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər