PDF Oxu

Sosial

  • 3 154

Yeni gün, yeni arzular bayramı - NOVRUZ

Yeni gün, yeni arzular bayramı - NOVRUZ

Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri beynəlxalq aləmə inteqrasiya olunur

Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamələrdən biri olaraq qarşıya qoyduğu məsələlərdəndir. Müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasəti, islami dəyərlərə yeni prizmadan baxış kimi meyilləri ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapamaqdadır. Dünyada gedən qloballaşma və inteqrasiya prosesində ölkəmiz uğurlu gələcəyi təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək diqqət və qayğısı Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir. Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prosesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik.

Dünyada milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə və yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri və yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır.

Təbii ki, islam dininin də mənəvi dəyərlərimizin inkişafındakı rolunu qeyd etmək vacibdir. İslam dini təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərdir. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bu ənənələrə bizi bağlamış və dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünütəsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesilə bağlıdır.

Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə sərf etmiş Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə xalqımızın yaddaşında özünə yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və dəyərləri özündə əks etdirməklə, dövlət səviyyəsində qeyd edilmiş, bununla da, imperiyanın sərt qadağalarına baxmayaraq, milli bayramımız qorunaraq, nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyevin bilavasitə, səyləri nəticəsində, Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.

Ümummilli Liderimiz Heydər Əliyev adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın silinməz yaddaşına həkk olunmaqdadır.

Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik. Azərbaycanın vitse-prezidenti, fondun sədri YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ümummilli Liderin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycanın məxsusi dəyərlərinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı planlı işlər həyata keçirir.

Mehriban xanım Əliyevanın bilavasitə, təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər ölkəmizin dünya ictimaiyyətinə tanıdılması, xalqımızın maddi-mənəvi irsinin, milli adət-ənənələrinin təbliği sayəsində ciddi addımlardır. Azərbaycan xalqının milli sərvəti olan muğam və aşıq sənətindən sonra, milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramımız 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənələlərimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasına və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycan milli xəzinəsi dünyanı təəccübləndirmək iqtidarındadır. Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır. Bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunurdu. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Dörd çərşənbənin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Novruz bayramı təbiətlə bağlı Su, Od, Yel, Torpaq ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir.

Minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatmış Novruz bayramını hələ Azərbaycan xalqı Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd edib. Daş dövrünə aid olan əşyalar qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Azərbaycan klassikləri olan Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani kimi dahilərimiz baharın gəlişini əks etdirən nümunələr yaratmışlar. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizamülmülkün "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını nümunə olaraq göstərmək mümkündür.

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Görülən işlərin davamı olaraq, "Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması" haqqında əmr də mənəvi dəyərlərimizə bir dəstəkdir. Bunun əsasında yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolar yaradılacaqdır. Portfolioların yaradılmasında məqsəd Azərbaycanın milli-mənəvi dəyərlərinin beynəlxalq aləmə inteqrasiyası və qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasıdır.

Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur.

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.

Novruz bayramınız mübarək!

ZÜMRÜD

Digər xəbərlər