PDF Oxu

Sosial

  • 1 396

Ən əlverişli turist məkanı kimi tanınan müasir Azərbaycan

Ən əlverişli turist məkanı kimi tanınan müasir Azərbaycan

2027-ci ilədək əcnəbilər hər il Azərbaycanda təxminən 6 milyard dollar xərcləyəcəklər

Bu gün dünyada nümunəvi inkişaf modelinə malik olan Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində, ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb.

Qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində, Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları, həyata keçirilən islahatlar turizmin inkişafına səbəb olan amillərdir. Eyni zamanda, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları turizm siyasətinin həyata keçirilməsinə əsaslı dönüş yaradıb. Regionlarda bu sahənin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə, mütəmadi səfərlər təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilməkdədir.

Onu da qeyd etməliyik ki, ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, peşəkar kadların hazırlanmasına diqqətin artırılması, eləcə də, ölkəmizin coğrafi mövqeyi Azərbaycanın turizm ölkəsi kimi tanınmasında əsas amillər sırasındadır. Paytaxtımızda "Four Seasons", "Hilton Baku" və "Kempinski Badamdar" kimi beynəlxalq nüfuza malik otellər, ölkəmizin əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi turizmin inkişafında zəmindir.

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması Azərbaycana səfər edən turistlərin sayının artmasına da səbəb olub. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlar və müxtəlif görüşlərdir.

Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında verilən məlumatında Azərbaycanda turizm sənayesini sürətli inkişafı statistik rəqəmlərdə əksini tapıb. Qeyd olunub ki, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olmuşdur.

Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 %, yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 % daha artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 % -i göstəricisinə çatacaq.

Hesabatda o da qeyd olunur ki, bu rəqəmlər hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin, sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir.

WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun Azərbaycan ÜDM-ə tam təsiri 8 milyard 91,3 milyon manata, yaxud VDM-in 14,6 % qədər olmuşdur. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6 % - 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 % artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-in 20,6 %-i qədər olacaqdır.

Göründüyü kimi, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin etmişdir ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 %-i qədər olmuşdur. WTTC təşkilatının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 %, 2027-ci il üçün isə daha 3,5 %, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 %-i qədər olacaq.

Ümumilikdə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil etmişdir. Qurumun ekspertləri proqnozlaşdırır ki, cari ildə sektor 642 min iş yerini (5,4 % səviyyəsində artım) təmin edəcək. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2 % - 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9 %-i qədər olacaq.

Ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olacaq.

WTTC təşkilatının məlumatında o da qeyd olunur ki, əsasən, 2016-cı ildə "Visitor Exports" (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar, yaxud 16,9 %) olmuşdur. Təşkilata 2017-ci ildə bu göstəricinin 8,1 % artacağı və Azərbaycanın isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək "Visitor Exports" göstəricisi daha 6,5 % artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.

Hesabatda o da bildirilir ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna 479,5 milyon manat yatırım qoyulmuşdur. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi 6,2 %, qarşıdakı 10 ildə isə 4,9 % artaraq 825,1 milyon manata çatacaq.

Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9 %-i ötərək 2027-ci ildə 3,3 %-ə çatacaq.

Bu reallıqlar, bir daha onu deməyə əsas verir ki, müasir Azərbaycan dünyada istirahət üçün ən əlverişli məkanı kimi tanınır.

ZÜMRÜD

Digər xəbərlər