Bu mövzuda İkinci "Fizika və lirika" Konfransı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Nizami adına Ədəbiyyat İnstitutu və Alimlər Evinin təşkilatçılığı ilə "Novruz təqvimi: lirikada və astrofizikada" mövzusunda İkinci "Fizika və lirika" Konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli xalqımızın ən əziz bayramı olan Novruzun etimologiyası, onun Azərbaycan ədəbiyyatında yeri və elmi paralelləri barədə əhatəli məruzə ilə çıxış edib.
Konfransda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, müxbir üzv Nazim Məmmədov, AMEA Humanitar Elmlər Bölməsinin akademik katibi, akademik Teymur Kərimli, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, müxbir üzv Namiq Cəlilov, Folklor İnstitutunun direktoru, müxbir üzv Muxtar İmanov, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov, Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Nazilə Soltanova, Botanika İnstitutunun elmi əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq Qarayev və digərləri çıxış edərək, mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyli Əliyeva rus şairlərindən tərcümə etdiyi "Lirika və fizika" şeirlərini, həmçinin, mövzu ilə bağlı özünün qələmə aldığı şeiri oxuyub. Fəlsəfə İnstitutunun elmi işçisi Rauf Məmmədov Novruzla səsləşən düşündürücü şeirlərini söyləyib. Onların çıxışları alqışlarla qarşılanıb.
Sonda Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İ.Həbibbəyli rəhbərlik etdiyi institut əməkdaşları arasında "Fizika və lirika" mövzusunda ən yaxşı tərcümə müsabiqəsinin qalibi olmuş Leyli Əliyevaya xatirə hədiyyəsi və xüsusi mükafat təqdim edib.
R.HÜSEYNOVA